Milli Süni İntellekt Mərkəzi Naxçıvanda keçirilən beynəlxalq elmi konfransın rəsmi tərəfdaşı olub

Milli Süni İntellekt Mərkəzi (MSİM) Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə 14-15 may tarixlərində Naxçıvanda keçirilən “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransının rəsmi tərəfdaşlarından biri olub.

Konfrans çərçivəsində MSİM nəzdində fəaliyyət göstərən “AI Academy”nin təhsil eksperti Şəhriyar Məmmədli məruzəçi qismində çıxış edib.

Məruzəsində təmsilçi “AI Academy”nin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, süni intellekt sahəsində Azərbaycan gənclərinin ixtisaslaşmasının, bu istiqamətdə praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Şəhriyar Məmmədli süni intellekt üzrə maarifləndirmənin və müasir təhsil imkanlarının genişləndirilməsinin yerli innovasiya ekosisteminin mühüm hissəsi olduğunu bildirib. Eyni zamanda, o, ilkin mərhələdə süni intellekt mütəxəssislərindən ibarət milli şəbəkənin formalaşdırılmasının gələcək texnoloji inkişaf baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. Bu istiqamətdə universitetlər, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Konfransda süni intellektin müxtəlif istiqamətləri üzrə panel iclasları və elmi müzakirələr təşkil olunub. Təqdim olunan məruzələrdə maşın öyrənməsi, böyük verilənlərin analizi, ağıllı idarəetmə sistemləri, kibertəhlükəsizlik və rəqəmsal transformasiya kimi aktual mövzulara toxunulub.