Saytın çökdürülməsi neçəyə başa gəlir: DDoS hücumların sifarişli icrası 30 ABŞ dollarından başlayır

2026-cı ildə yeni DDoS xidməti təchizatçılarının sayı azı 25 faiz arta bilər.

“Kaspersky Digital Footprint Intelligence” mütəxəssisləri qaranlıq şəbəkə (dark web) və dərin şəbəkədə (deep web) DDoS fəaliyyəti ilə bağlı 250 mindən çox paylaşımı təhlil edərək bu cür xidmətləri təklif edən təxminən 150 aktiv təchizatçı müəyyən ediblər. Mütəxəssislər “DDoS iqtisadiyyatı: Veb-saytı sıradan çıxarmaq neçəyə başa gəlir?” adlı tədqiqatda bu kölgə bazarın necə işlədiyini, zərərli fəaliyyətlə məşğul olan tərəflərin təkliflərini, qiymətləri və onların “müştəriləri” necə cəlb etdiklərini araşdırıblar.

DDoS hücumları necə təşkil olunur. Burada üç əsas yanaşma mövcuddur: sifariş əsasında birdəfəlik hücumlar, “DDoS-as-a-Service” (DdoS xidmət kimi) modeli (abunəlik əsaslı) və ya şəxsi infrastrukturdan istifadə. İlk iki halda təcavüzkarlar lazımi resurslar üçün kənar təchizatçılara müraciət edirlər, üçüncü halda isə onlar öz alətləri və infrastrukturlarından istifadə edərək prosesi bütövlükdə müstəqil şəkildə həyata keçirirlər.

DDoS hücumunun həyata keçirilməsi xərcləri. 1 və 30 gün müddətində davam edən sifarişli DDoS hücumunun qiyməti fərdi qaydada müəyyən edilir və 30 ABŞ dollarından 2000 ABŞ dollarına qədər dəyişə bilər. Qiymət hücumçuların məqsədlərindən, eləcə də əməliyyatın müddətindən və intensivliyindən asılıdır. Reklamlarda tez-tez qısamüddətli sınaq hücumu təklif olunur ki, bununla “sifarişçiyə” daha genişmiqyaslı kampaniya üçün ödəniş etməzdən əvvəl xidmətin effektivliyini qiymətləndirmək imkanı verilir. Bu cür sınaqlar adətən təxminən 10 ABŞ dollarına başa gəlir, amma bəzi hücumçular sınaq imkanını pulsuz təklif edirlər.

Abunəlik əsaslı model ayrı-ayrı hücumlara görə ödəniş etmək əvəzinə, hücum alətlərinə davamlı çıxışı təmin edir. Abunəliklər adətən 30 gün davam edir və müddəti bir dəqiqədən 48 saata qədər dəyişən əməliyyatların həyata keçirilməsinə imkan verir. İstifadə olunan üsullardan, müddətdən və eyni vaxtda həyata keçirilən hücum sayından asılı olaraq, xərclər aylıq 1000 ABŞ dolları ilə 30 000 ABŞ dolları arasında dəyişir.

Yeni DDoS xidməti təchizatçıları. Orta hesabla, DDoS hücumu təchizatçısı 2,5 il fəaliyyət göstərir, ən təcrübəli operatorlar isə təxminən on ildir bu işi görürlər. 2022-ci ilə qədər çox az sayda yeni oyunçu ortaya çıxmışdı, lakin 2023-cü ildə onların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya davam edir: təkcə 2026-cı ilin birinci rübündə mütəxəssislər 16 yeni təcavüzkar müəyyən ediblər. Əgər bu temp qalıcı olarsa, 2026-cı il üzrə ümumi say 2025-ci illə müqayisədə azı 25 faiz artacaq.

“DDoS hücumları ucuz və asanlıqla əldə edilə bildiyindən təcavüzkarlar üçün bir çox hallarda daha əlçatan bir vasitəyə çevrilib. Bəzi hallarda hücum təşkil etməyin qiyməti kinoteatra illik abunə haqqı, hətta bir qəhvə fincanın qiyməti ilə müqayisədə daha aşağı ola bilər. Şirkətlər üçün bu o deməkdir ki, DDoS hücumlarına qarşı hazırlıq əsas kibertəhlükəsizlik strategiyası planlaşdırmasının bir hissəsi olmalıdır. Həmçinin, bu hücumların arxasında duran bazarı anlamaq da eyni dərəcədə vacibdir, çünki effektiv müdafiə təhdid mənzərəsinin daha aydın dərk edilməsi ilə başlayır”, – deyə “Kaspersky Digital Footprint Intelligence”in analitiki Kseniya Kudaşeva qeyd edir.

Bu təhdidə qarşı müdafiəni gücləndirmək üçün Kaspersky tövsiyə edir:

  • hərtərəfli DDoS qorunması üçün xidmət təminatçısı səviyyəsində şəbəkə trafikinin təhlili və təmizlənməsini təmin edən ixtisaslaşmış korporativ həllər tətbiq edin. Məsələn, “Kaspersky DDoS Protection” real vaxt rejimində trafik monitorinqi təklif edir və istənilən miqyasda və növdə hücumları effektiv şəkildə azaldır;
  • təşkilatlar üçün rəqəmsal izlərini izləməyə və riskləri müəyyən etməyə imkan verən hərtərəfli xidmətlərdən, məsələn, “Kaspersky Digital Footprint Intelligence”dən istifadə daha məqbuldur;
  • kibertəhlükəsizlik mütəxəssislərinə ən son hücum taktikaları, texnikaları və prosedurları (TTP) haqqında ən yeni məlumatları təqdim edin. “Kaspersky Threat Intelligence” həlli Kaspersky mütəxəssisləri tərəfindən 25 ildən çox müddət ərzində toplanmış bütün kibertəhdid məlumatlarına vahid giriş nöqtəsi kimi çıxış edir;
  • işçilərin rəqəmsal savadlılığını müntəzəm olaraq artırın. Məsələn, “Kaspersky Automated Security Awareness Platform” bu işdə olduqca faydalı ola bilər;
  • “Kaspersky Symphony XDR” kimi bütöv İT infrastrukturunun hərtərəfli qorunmasını təmin edən həll tətbiq edin. Bu çoxqatlı kibertəhlükəsizlik platforması mərkəzləşdirilmiş monitorinq və analitika, qabaqcıl təhdid aşkarlanması və cavablandırılması və təhlükəsizlik hadisələrinin araşdırılması alətlərini özündə birləşdirir.