2026-cı ilin oktyabr ayının sonlarında kriptovalyuta sektorunda “Binance” və “Polymarket” birjalarının hədəfdə olduğu iki böyük kibertəhlükəsizlik hadisəsi baş verib. 30 oktyabrda “Binance” kriptovalyuta birjası mümkün müdaxilə barədə məlumat verib. İlkin təhlillər göstərib ki, hücum edənlər proqramlaşdırma və əməliyyatlar üzrə (DevOps) mühəndisin ələ keçirilmiş noutbuku vasitəsilə xidmət konteynerinə daxil ola və ardınca qanunsuz vəsait çıxarılmasına icazə vermiş ola bilərlər. Sözügedən birjanın nümayəndələri bildiriblər ki, hələlik kriptovalyuta cüzdanı üçün şəxsi açarın sızdırılmasına dair təsdiqlənmiş məlumat yoxdur. Şirkət depozitlərin daxil edilməsi və çıxarılması üzrə əməliyyatları müvəqqəti olaraq dayandırıb və hücumdan zərər görmüş istifadəçilərə kompensasiya ödəməyə söz verib. “Binance”a qarşı hücumdan bir gün əvvəl – 29 oktyabrda “Polymarket” kriptovalyuta platformasının istifadəçiləri də kiberhücuma məruz qalıblar. Bu hadisə platformanın veb-saytına inteqrasiya olunmuş real istifadəçi fəaliyyətini izləmək üçün nəzərdə tutulan “DebugBear” xidmətindən üçüncü tərəf skriptinin oğurlanması ilə əlaqələndirilib.
Bu iki hadisə müdaxilənin tamamilə fərqli üsullarını nümayiş etdirir: bir halda giriş nöqtəsi əməkdaşın iş cihazı, digər halda isə kənar tərəfə məxsus veb-komponent olub. “Binance” şirkətinin mühəndisinə məxsus noutbukun və “DebugBear” xidmətinin dəqiq olaraq necə ələ keçirildiyini müəyyən etmək üçün əlavə təhlil tələb olunur. Bununla belə, təcavüzkarların zəifliklərdən istifadə etməsi ehtimalını da istisna etmək olmaz. Hər iki insident göstərir ki, kriptovalyuta birjaları da, istənilən digər təşkilat kimi, kiberhücumlara qarşı eyni dərəcədə həssasdır və onlara müdaxilə üçün müxtəlif vasitələrdən istifadə oluna bilər – giriş nöqtələri kimi təşkilatın daxili sistemlərindən tutmuş fəaliyyətinin asılı olduğu xarici xidmətlər və ya komponentlərə qədər geniş çeşiddə vektorlar çıxış edə bilər.
Təcrübəmiz göstərir ki, kriptovalyuta birjalarının əməkdaşları, xüsusilə də texniki heyət, kriptovalyuta oğurlamağı hədəfləyən hücum prosesində zəif həlqələrdən biri olaraq qalmaqdadır. Hətta təcrübəli mühəndislər və proqramçılar belə müxtəlif yollarla, o cümlədən ehtiyatsızlıqdan zərərli proqram təminatını yükləməklə təcavüzkarların qurbanı ola bilərlər. Daha əvvəl kriptovalyuta sektorunda çalışan bir proqramçının öz işi üçün zərərli bir yan xidmət (extension) yükləməsi və nəticədə onun kriptovalyuta cüzdanlarından 500 000 ABŞ dolları məbləğində vəsaitin oğurlanması hadisəsi barədə danışmışıq.
“Binance”a edilən kiberhücum ən böyük kriptovalyuta oğurluğu kimi tarixə düşə bilər. Bu miqyasda əməliyyatın həyata keçirilməsi olduqca mürəkkəbdir və istisna etmək olmaz ki, kriptovalyuta birjasına edilən bəzi müdaxilələrin arxasında APT qrupları dayana bilər. “Binance” hadisəsi ilə bağlı ilkin məlumatlarda “Lazarus” da daxil olmaqla, müxtəlif qrupların mümkün iştirakı qeyd olunur. Bu APT qrupu maliyyə motivli kiberhücumları, o cümlədən kriptovalyuta sektoruna müdaxilələri ilə tanınır və bu sahədə əhəmiyyətli təcrübəyə malikdir. 2016-cı ildə qrup 1 milyard ABŞ dollarını oğurlamaq cəhdi ilə Banqladeş Mərkəzi Bankına haker hücumu etməkdə ittiham olunub. İnsidentlər bununla məhdudlaşmayıb və son on il ərzində “Lazarus” kriptovalyuta birjalarına hücumlarını aktiv şəkildə davam etdirib. Məsələn, 2025-ci ildə “Bybit”ə müdaxilə ilə yadda qalan hücum təxminən 1,5 milyard dollar itki ilə nəticələnib. Lakin “Lazarus” tərəfindən “Binance” və “Polymarket”ə hücumda iştirak faktı hələ təsdiqlənməyib. Yekun nəticələri yalnız istintaq başa çatdıqdan sonra çıxarmaq mümkün olacaq.
Son illərdə kriptovalyuta aktivlərinin sahibləri getdikcə daha çox təcavüzkarların hədəfinə çevrilirlər. Belə ki, onların xüsusi marağını təhlükəsizlik həlləri quraşdırılmayan cihazlar cəlb edir. Təcrübə göstərir ki, hətta texniki cəhətdən bacarıqlı istifadəçilər belə bu cür hücumların qurbanı ola bilərlər. Buna görə də, həm şəxsi, həm də korporativ cihazlarda etibarlı təhlükəsizlik həlləri quraşdırmağı tövsiyə edirik.
