Mütəxəssislər şəxsi məlumatları çat-bota yükləməzdən əvvəl silməyi və süni intellekt xidmətlərinin məxfilik tənzimləmələrini yoxlamağı tövsiyə edirlər.
Süni intellekt (Sİ) iş axtarışı prosesində getdikcə daha çox istifadə olunur: iş axtaranlar onun köməyilə öz CV-lərini redaktə edir, onları konkret vakansiyalara uyğunlaşdırır və tərtibatını təkmilləşdirirlər. Lakin bu rahatlıq özü ilə yeni risklər də gətirir – xüsusən də istifadəçi məxfi məlumatlar ehtiva edən sənədi çat-bota yüklədiyi zaman. Kaspersky mütəxəssisləri iş axtarışı zamanı Sİ-dən təhlükəsiz istifadə və məxfi məlumatların fırıldaqçılardan qorunma qaydalarını izah edirlər.
Şəxsi məlumatları Sİ xidmətlərinə yükləməyin. CV-nizi çatbota göndərməzdən əvvəl telefon nömrənizi, ev ünvanınızı, şəxsi e-poçtunuzu, şəxsiyyəti təsdiq edən sənədlərin skanlarını, müəyyən işəgötürənlərin adlarını və digər həssas məlumatları silin. Xidmətin yüklənmiş məlumatları necə emal etdiyini və saxladığını, həmçinin onları hansı şərtlər altında üçüncü tərəflərə ötürdüyünü anlamaq üçün onun məxfilik siyasətini nəzərdən keçirmək də vacibdir.
CV – potensial hücum üçün vasitə. Bir şəxsin peşəkar təcrübəsi, vəzifə adları, bacarıqları və maraqları ilə bağlı təfərrüatlar təcavüzkarlara daha inandırıcı hədəfli hücumlar hazırlamağa kömək edə bilər. Məsələn, fırıldaqçılar saxta müsahibə dəvəti göndərə və ya namizədin təcrübəsi ilə tam üst-üstə düşən bir vəzifə təklif edə bilərlər. Onlar özlərini işəgötürən kimi təqdim edərək məktubdakı faylı cihaza yükləməyi, linkə klikləməyi, tətbiqi quraşdırmağı və ya söhbəti üçüncü tərəf messencerdə davam etdirməyi istəyə bilərlər. Buna görə də, cavab verməzdən əvvəl hətta ən uyğun iş təkliflərini belə həmişə yoxlamaq lazımdır.
“Sİ artıq gündəlik tapşırıqların, o cümlədən iş axtarışı ilə bağlı məsələlərin daha tez yerinə yetirilməsinə kömək edən faydalı bir alətə çevrilib. Ondan CV-ni təkmilləşdirmək və konkret vakansiyaya uyğunlaşdırmaq üçün istifadə etmək olar. Lakin burada “inan, amma yoxla” prinsipi önə çəkilməlidir. CV bir şəxs haqqında fərdiləşdirilmiş hücum üçün əsas ola biləcək qədər geniş məlumat ehtiva edir. Buna görə də, Sİ xidmətləri ilə paylaşdığımız məlumatlara qarşı ehtiyatlı olmaq və onun təklif etdiyi məlumatları hər zaman yoxlamaq vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.
İş axtararkən Sİ-dən təhlükəsiz istifadə üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
- əvvəlcə CV-nizi özünüz hazırlayın, daha sonra ifadələri və strukturu təkmilləşdirmək üçün Sİ-ə müraciət edin;
- sənədi Sİ xidmətinə yükləməzdən əvvəl ondan şəxsi məlumatları – məsələn, telefon nömrənizi, ev ünvanınızı və ya sənəd detallarınızı – silin;
- yüklədiyiniz fayllarla hansı işlərin aparılacağını anlamaq üçün xidmətin məxfilik parametrlərini yoxlayın;
- müstəqil sınaqlarda effektivliyi sübut olunmuş etibarlı təhlükəsizlik həllindən – məsələn, “Kaspersky Premium”dan – istifadə edin.
