Adobe Animate tarixə qarışır: 28 illik animasiya proqramı bağlanır

Adobe animasiya dünyasının simvolik proqramlarından biri olan Adobe Animate-i bağlamaq qərarına gəlib. Şirkət rəsmi saytında dərc etdiyi FAQ bölməsində bildirib ki, proqram 1 mart 2026-cı ildən etibarən satışdan çıxarılacaq. Adobe bu qərarı istifadəçilərin ehtiyaclarına daha yaxşı cavab verən yeni platformaların ortaya çıxması ilə əsaslandırır.

İstifadəçilər 1 mart 2027-ci ilədək (korporativ müştərilər üçün isə 1 mart 2029-cu ilədək) Adobe Animate fayllarına daxil ola və onları yükləyə biləcəklər. Bu tarixlərə qədər proqramı yükləmək mümkün olacaq və Adobe texniki dəstəyi davam etdirəcək. Sözügedən müddət bitdikdən sonra isə Animate artıq əlçatan olmayacaq.

Adobe Animate-in tarixi 1996-cı ilə gedib çıxır. Proqram ilk olaraq FutureWave Software tərəfindən FutureSplash Animator adı ilə yaradılıb. Elə həmin il Macromedia tərəfindən satın alınaraq Flash adlandırılıb. Adobe isə 2005-ci ildə Macromedia-nı alaraq proqramı Adobe Flash Professional kimi davam etdirdi. Flash texnologiyasının internetdən tədricən çıxarılmasından sonra, 2015-ci ildə proqram Adobe Animate adı ilə yenidən brendləşdirilmişdi.

Adobe bildirir ki, Creative Cloud Pro istifadəçiləri Animate-in bəzi funksiyalarını Adobe After Effects və Adobe Express kimi alternativ tətbiqlərlə əvəz edə bilərlər.

Son bir il ərzində Adobe şirkətinin əsas fokusunun süni intellekt olduğu açıq şəkildə hiss olunur. Şirkət tətbiqlərinə AI əsaslı montaj alətləri əlavə edib, videolar üçün avtomatik musiqi və səs generasiyası təqdim edib və eyni zamanda əyləncə sənayesi üçün “IP-safe” Firefly AI modelləri üzərində çalışır.