Son 12 ayda əksər pərakəndə satış müəssisələri (87%) kiberhücumlarla qarşılaşıb. Kaspersky tərəfindən analoji sənayedə çalışan kibertəhlükəsizlik mütəxəssisləri arasında ən aktual kibertəhdidləri müəyyən etmək üçün aparılan qlobal sorğunun* nəticəsi belə deyir.
Əsas kibertəhdidlər. Fişinq ən geniş yayılan təhdid növüdür – hər beş pərakəndə satış müəssisəsindən biri (21%) onunla qarşılaşıb. Sosial mühəndisliklə əlaqəli digər vektorlara dərin saxtakarlıqlar (13%), faktura və ya ödəniş fırıldaqçılığı (13%), korporativ elektron poçt hakerliyi (9%) və vişinq (8%) daxildir.
Hücumların real nəticələri. Hadisələr nəticəsində bizneslərin 28%-i müştərilər haqqında məlumatları itirib, 25%-i maliyyə itkiləri və biznes və ya əməliyyat proseslərində axsamalarla üzləşib, 19%-i məlumatları birdəfəlik itirib, 16%-i isə korporativ aktivlər və ya sistemlərində aradan qaldırılması mümkün olmayan ziyan görüb.
Hansı təhlükəsizlik tədbirləri həyata keçirilir. Ən ciddi hadisədən sonra təşkilatlar tərəfindən qəbul edilən ən populyar təhlükəsizlik tədbirləri arasında bunlar olub: işçilər, tərəfdaşlar və podratçılar üçün “Zero Trust” (Sıfır Etibar) modelinin və ya ən az imtiyaz prinsipinin tətbiqi (31%), bulud mühitlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi (30%) və kibertəhlükəsizlik monitorinqi həllərinin quraşdırılması (30%).
Pərakəndə satış bizneslərinə uğurlu kiberhücum ehtimalını hansı amillər artırır. Bunlara ilk növbədə İT mütəxəssislərinin və informasiya təhlükəsizliyi işçilərinin ixtisas çatışmazlığı, eləcə də kibertəhlükəsizlik məsələləri barədə məlumatlılığın aşağı olması daxildir. Bu məsələlər respondentlərin 27%-i tərəfindən əsas kimi qeyd edilib. İnsan faktorundan əlavə, texniki çətinliklər də əhəmiyyətli rol oynayır: köhnəlmiş proqram təminatı və ya cihazlar, eləcə də İT infrastrukturu üzərində mərkəzləşdirilmiş nəzarətin olmaması respondentlərin 23%-i tərəfindən qeyd edilib.
İşçilər ən çox hansı rəqəmsal təhlükəsizlik qaydalarını pozur. Hər üç şirkətdən birində işçilər iş tapşırıqlarının icrası və korporativ məlumatların saxlanması üçün şəxsi cihazlardan (34%), eləcə də zəif şifrələrdən və ya fərqli hesablar üçün eyni şifrələrdən (33%) istifadə edirlər.
Kibertəhlükəsizlik büdcəsi. Pərakəndə satış bizneslərinin əksəriyyəti (82%) bu il kibertəhlükəsizlik büdcələrini artırıb. Əsasən daxili İT komandalarını genişləndirməyi planlaşdırdığı digər sahələrdən fərqli olaraq pərakəndə satıcılar daha çox üçüncü tərəf kibertəhlükəsizlik xidməti təminatçılarına müraciət edirlər: respondentlərin 41%-i işçilərin təlimi, MSSP və MDR xidmətləri və məlumatların qorunması texnologiyalarının tətbiqi daxil olmaqla, bır sıra İT təhlükəsizlik funksiyalarının autsorsinqinə vəsait ayırdıqlarını bildiriblər.
“Kibertəhlükəsizlik funksiyalarının bir hissəsini autsorsinqə həvalə etməklə pərakəndə satış şirkətləri, əslində, biznes proseslərinin pozuntulara qarşı dayanıqlılığını təmin etməyi və kiberinsidentlərlə əlaqəli maliyyə risklərini idarə etməyi xarici tərəfdaşa həvalə edirlər. Buna görə də, satıcının təcrübəsinə və nüfuzuna əmin olmaq, eləcə də potensial kor nöqtələri aradan qaldırmaq üçün 24/7 qoruma yaratmaq vacibdir. Bu, xüsusilə pik dövrlərdə, yəni mövsümi satışlar və bayramlar zamanı hər hansı bir pozuntunun vura biləcəyi zərərin maliyyə yükünün xüsusilə yüksək olduğu və daxili resursların artan iş yükünün öhdəsindən gəlməyə kifayət etmədiyi hallarda vacibdir”, – deyə Kaspersky-nin Maliyyə sektoru və pərakəndə satış üçün əsas korporativ layihələrin müşayiəti üzrə meneceri Yelizaveta Komarova bildirir.
Pərakəndə satışda süni intellekt. Getdikcə daha çox pərakəndə satıcı süni intellekti (Sİ) öz infrastrukturuna inteqrasiya edir: müəssisələrin 12%-i artıq böyük dil modellərinə (LLM) əsaslanan bir alətə malikdir və 83%-i onu müzakirə edir, layihələndirir və ya sınaqdan keçirir. Respondentlərin üçdə biri Sİ ilə əlaqəli heç bir risk görmür və bu, bütöv sənaye üzrə orta göstəricini (18%) xeyli üstələyir.
“Pərakəndə satış ənənəvi olaraq yeni rəqəmsal həllərin tətbiqi baxımından ən açıq sahələrdən biridir. Pərakəndə satıcılar rəqiblərindən daha sürətli biznes səmərəliliyini artıra biləcək texnologiyaların tətbiqi üçün birbaşa iqtisadi stimula malikdirlər. Məsələn, bank sektoru ilə müqayisədə pərakəndə satış yeni rəqəmsal həllər tətbiq edərkən daha az məhdudiyyətlərlə üzləşir. Şirkət innovativ texnologiyalardan nə qədər fəal istifadə edirsə, onlarla əlaqəli riskləri düşünülmüş şəkildə idarə etmək bir o qədər vacibdir. Bu, xüsusilə bu gün süni intellektin yayılması daha aydın nəzərə çarpır. Ciddi bir hadisə məlumatların sızmasına, əməliyyat pozuntularına və əhəmiyyətli maliyyə itkilərinə səbəb ola biləcəyi üçün müəssisəinin kibertəhlükəsizliyi biznesin özü ilə eyni tempdə inkişaf etməlidir”, – deyə Yelizaveta əlavə edir.
* Sorğu Kaspersky-nin daxili tədqiqat mərkəzi tərəfindən 18 ölkədən 100-dən çox işçisi olan pərakəndə satış şirkətlərinin əməkdaşları arasında 2026-cı ilin mart ayında aparılıb.
