OpenAI süni intellektlə səsli ünsiyyəti daha təbii hala gətirəcək yeni GPT-Live modelini təqdim edib. Şirkətin açıqlamasına görə, bu model istifadəçi danışarkən eyni anda həm dinləyə, həm də cavab verə bilir. Beləliklə, süni intellektlə söhbət əvvəlki kimi sual-cavab formatından çıxaraq real insan dialoquna daha çox bənzəyir. GPT-Live “full-duplex” adlanan yeni arxitekturadan istifadə edir. Bu texnologiya sayəsində model istifadəçinin sözünü bitirməsini gözləmədən söhbəti izləyir, uyğun anda cavab verir və hətta qarşı tərəfi dinlədiyini göstərmək üçün “hmm” kimi təbii reaksiyalar da sərgiləyə bilir. Bu isə danışıq zamanı yaranan fasilələri minimuma endirərək daha axıcı ünsiyyət yaradır.
OpenAI bildirir ki, GPT-Live indiyədək təqdim etdiyi ən ağıllı səs modeli hesab olunur. Hazırda modelin əsasını GPT-5.5 təşkil etsə də, şirkət gələcəkdə təqdim olunacaq yeni modellərlə, o cümlədən GPT-5.6 ilə GPT-Live-ın imkanlarının davamlı olaraq yenilənəcəyini açıqlayıb. Yeni model hazırda bütün dünyada mərhələli şəkildə istifadəyə verilir və iki versiyada təqdim olunur: GPT-Live-1 və GPT-Live-1 mini. Hələlik bütün regionlarda aktiv olmasa da, OpenAI yaxın zamanda bu modelləri API vasitəsilə tərtibatçıların istifadəsinə də açacağını bildirib. Qeyd edək ki, Google da oxşar funksiyanı Gemini Live xidməti ilə təklif edir. Lakin OpenAI iddia edir ki, GPT-Live daha təbii və fasiləsiz səsli dialoq təcrübəsi təqdim edir.
