Milli Süni İntellekt Mərkəzi Gənclər üçün Süni İntellekt Forumunun tərəfdaşı olub

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi Bakıda keçirilən Gənclərin Süni İntellekt Forumunun tərəfdaşı olub.

Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində baş tutub.

Tədbirin açılışında MSİM-in baş məhsul sahibi İbrahim Süleymanov süni intellektin inkişaf perspektivləri və dövlətin gənclər üçün yaratdığı imkanlar barədə çıxış edib. Mərkəzin süni intellekt mühəndisi Murad Bağırlı isə “Gənclər üçün süni intellekt savadlılığı: nələri bilməliyik?” mövzusunda təqdimat keçirib, iştirakçılarla süni intellekt savadlılığının əsasları, texnologiyanın gündəlik və peşəkar tətbiqi, eləcə də ondan təhlükəsiz istifadə yanaşmaları barədə fikir mübadiləsi aparıb.

Forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin dərinləşdirilməsinə, texnologiyanın yaratdığı imkanların dərk edilməsinə və yeni nəslin dəyişən əmək bazarına hazırlanmasına xidmət etmək olub.

Milli Süni İntellekt Mərkəzinin Foruma tərəfdaşlığı “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” prioriteti ilə uzlaşır. Bu istiqamət kadr potensialının gücləndirilməsi ilə yanaşı, ictimaiyyətin, xüsusilə gənclərin məsuliyyətli və etik süni intellekt barədə məlumatlılığının artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, MSİM bu sahədə gənclərə yönəlmiş təşəbbüsləri dəstəkləməyə və tərəfdaşlıqlarını genişləndirməyə davam edəcək.