Uşaqları internetdə gözləyən 6 təhlükə və onlardan qorunmağın yolları – Kaspersky-dən valideynlərə tövsiyələr

1 iyun tarixində dünyanın bir çox ölkəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur – bu gün insanlara uşaqların təhlükəsizliyi və rifahının vacibliyini xatırlatmaq üçün nəzərdə tutulub. Bu gün uşaqlara qayğı təkcə oflayn mühitdə yox, onların getdikcə daha çox vaxt keçirdiyi rəqəmsal məkanda da vacibdir. Kaspersky mütəxəssisləri uşaqların internetdə üzləşə biləcəyi risklər və valideynlərin onlara düzgün rəqəmsal vərdişləri formalaşdırmağa necə kömək edə biləcəkləri barədə danışıblar.

Bugünkü uşaqlar internetdən ünsiyyət, oyun oynamaq, video izləmək və öyrənmək üçün fəal şəkildə istifadə edirlər. Lakin imkanlarla yanaşı, onlayn mühit bir sıra təhlükələr də yaradır:

1. Fişinq və onlayn fırıldaqçılıq. Uşaqlar fırıldaqçılığı tanımaq və cəlbedici təkliflərə etibar etmək barədə təcrübəyə sahib olmadıqlarına görə tez-tez qurbana çevrilirlər. Onlayn oyunlarda pulsuz bonuslar və ya oyundaxili valyuta, pirat oyunlar üçün “hack”lər, sevimli bloggerdən saxta mükafat lotereyaları, məktəb işçilərinin saxta mesajları – bütün bunlar uşağın şəxsi məlumatlarının sızmasına, valideynlərin bank kartı məlumatlarının ələ keçməsinə və ya məxfi məlumatların smartfona və ya kompüterə zərərli proqramların quraşdırılması ilə oğurlanmasına səbəb ola bilər.

Tövsiyə: Fişinq və fırıldaqçılığın müxtəlif növlərini sadalayın, etibarsız veb-saytlarda və ya tanımadığı insanlarla ünsiyyət qurarkən hansı məlumatların paylaşılmamalı olduğunu izah edin.

2. Yad insanlarla ünsiyyət. Bu, onlayn əzizləməyə (uşaqlarla etibarlı münasibətlər qurmaq),  yekunda isə şantaj, şəxsi məlumatların tələb olunması və ya gerçək həyatda təhlükəli görüşlərin təşkilinə səbəb ola bilər.

Tövsiyə: Uşağınızla internetdə davranış qaydalarını müzakirə edin. Hansı şəxsi məlumatların onlayn paylaşılmamalı olduğunu və yad insanlarla ünsiyyətin mümkün nəticələrini izah edin. Həmçinin, məxfilik parametrlərini nəzarətdə saxlayın, sosial mediada və tətbiqlərdə uşağınızın şəxsi məlumatlarına girişi məhdudlaşdırdığını yoxlayın.

3. Zərərli məzmun. Uşaqlar üçün uyğun olmayan hər hansı bir material (zorakılıq səhnələri, qadağan olunmuş maddələrdən istifadə, radikal qruplar, ədəbsiz dil) uşağın psixikasına mənfi təsir göstərir.

Tövsiyə: Əgər uşaqlar rəqəmsal cihazlardan istifadəyə yeni başlayıbsa, bütün bu cihazlara xüsusi valideyn nəzarəti proqramı, məsələn, Kaspersky Safe Kids quraşdırın. həllərindən istifadə edin. Amma bu cür həlli quraşdırmazdan əvvəl bunu nə üçün etdiyinizi uşağa mütləq izah edin.

4. Kiberzorbalıq. Rəqəmsal zorbalıq uşağın zehni sağlamlığına ciddi zərər verə bilər: özünəhörmətin azalmasına, depressiya və narahatlığa səbəb ola bilər.

Tövsiyə: Uşağınızın hansı veb-saytları ziyarət etdiyi və kiminlə ünsiyyət qurduğu ilə maraqlanın. Onunla etibarlı münasibət qurun və bu münasibəti daim saxlayın ki, sizə kiberhücum barədə təhlükəsiz şəkildə məlumat verə və kömək istəyə bilsin.

5. Qanunsuz fəaliyyətlərdə iştirak – fırıldaqçıların real həyatda görüş təşkil etmək, yaxud uşağı qanunsuz maliyyə sxemlərinə (məsələn, “asan pul”, maliyyə əməliyyatlarında kömək) və ya təhlükəli çağırışlara cəlb etmək üçün onlayn tanışlıq, aldatma və ya manipulyasiyadan istifadə etdiyi hallar.

Tövsiyə: Uşağınıza sizin xəbəriniz olmadan onlayn tanışlarla heç vaxt şəxsən görüşlərə razılıq verməməyi, şübhəli “qazanc” və ya çağırışlarda iştirak etməməyi və hər hansı şübhəli təklifi dərhal sizə bildirməyi öyrədin – bunun üçün ailə daxilində qarşılıqlı maraq və dəstəyə əsaslanan mühit yaradın.

6. Qadcetlərdən asılılıq. Qadcetlərin həddindən artıq istifadə fiziki aktivliyin azalmasına və sağlamlıq problemlərinə səbəb ola bilər.

Tövsiyə: Şəxsi nümunə göstərin. Məsuliyyətli onlayn davranış və rəqəmsal gigiyenaya riayəti nümayiş etdirin.

Kaspersky mütəxəssisləri xatırladır: təhlükəsiz onlayn davranış vərdişlərinin formalaşdırılması valideynlərin diqqətini və iştirakını tələb edən bir prosesdir. Uşaqlarla müntəzəm ünsiyyət və mümkün riskləri vaxtında izah etmək kibertəhdidlərlə qarşılaşma ehtimalını azaltmağa kömək edir.

“Uşaqların yalnız onlayn keçirdiyi vaxtı məhdudlaşdırmaq deyil, həm də rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını izah etmək vacibdir. Uşaqlar hansı məlumatları yad insanlarla paylaşmamalı olduğunu, şübhəli əlaqələri necə tanımağı və yad insanlarla onlayn ünsiyyət qurarkən ehtiyatlı olmağın nə üçün vacib olduğunu başa düşməlidirlər. Ailə daxilində açıq dialoq və etimad rəqəmsal təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.