İyul 6, 2020

Azərbaycan məktəblilərinin online tədris zamanı kiber təhlükəsizliyi

Kaspersky-nin internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Andrey Sidenko və Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov, Azərbaycan məktəblilərinin internetdəki davranışının necə dəyişdiyini və valideynlər və müəllimlərin distant təhsildən hansı nəticələr çıxarmalı olduqları barədə danışıb.

COVID-19 pandemiyası zamanı planetin bütün sakinləri adi həyat tərzlərini dəyişdilər. Uşaqların gündəlik yaşamları da fərqli oldu. Onlar da böyüklər kimi çətinliklə üzləşdilər. Məktəb dərslərini vərdiş edilmiş formatda keçirmək mümkün olmadı, buna görə də məktəblilər onlayn şəkildə təhsil almağa başladılar. Bu zəruri addım, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün atıldı, çünki uşaqların sağlamlığının qayğısına qalmaq prioritet məsələdir.

Bütün Azərbaycanda distant təhsil rejiminə keçid eyni gündə baş verməməklə yanaşı fərqli şəkildə baş verdi. Müəllimlərə təhsil proqramlarını yeni reallıqlara uyğunlaşdırmaları üçün qısa bir müddət tanıyaraq bütün bölgələr üçün yaz tətilləri “uzadıldı.” Bölgədən və ya konkret məktəbdən asılı olmayaraq deyə bilərik ki, distant təhsilə keçid tələsik baş tutdu. 

Uşaqların internetdəki davranışı necə dəyişdi

Azərbaycanda məktəblilərin ziyarət etdiyi saytlar barədə danışsaq, Kaspersky-yə görə, “İnternet rabitəsi və kommunikasiya vasitələri” (sosial şəbəkələr, o cümlədən VKontakte, İnstagram və TikTok, messencerlər və s.) kateqoriyası ən populyarlardan biri olaraq qalır.

Həmçinin, Kaspersky-nin məlumatlarına görə, son 12 ayda Azərbaycanda uşaqların ziyarət etdiyi ümumi saytlar arasında kompüter oyunlarına malik qaynaqların payı artıb. Qeyd etmək lazımdır ki, gənc istifadəçilər mövcud gündəmlə daha çox maraqlanmağa başlayıblar və xəbər portallarına yönəliblər.

Təəccüblü deyil ki, daim evdə olmaq və uzaqdan təhsil almaq məcburiyyətinə görə uşaqlar daha çox onlayn vaxt keçirməyə başlayıblar. Bundan əlavə, özünü təcrid dövründə tələbələr sinif yoldaşları və dostları ilə canlı ünsiyyət ehtiyacı duyurlar ki, bu da tamamilə normal bir istəkdir. Təhsil məsələlərindən başqa, uşaqlar serialları, kompüter oyununu və ya populyar bloggerin yeni bir buraxılışını müzakirə edə bilərlər.

Müəllimlər distant təhsildən hansı nəticələri çıxarmalıdırlar

Kaspersky Laboratoriyasının uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Andrey Sidenko müəllimləri aşağıdakı tövsiyələrə diqqət yetirməyə dəvət edir:

Distant təhsilə keçid zamanı təhsilə texniki dəstək verən personalın üzərinə böyük bir yük düşdü. Normal rejimdə bu funksiyanı informatika müəllimləri yerinə yetirir: məlum olur ki, belə təlimin təşkili üzrə əsas yük onların çiyinlərinə düşüb. Bu və ya digər şəkildə, bu dövrdə bütün müəllimlər onlayn təhsil vasitələrini sürətləndirilmiş rejimdə mənimsəməli idilər. Onlayn mühitdə təlimin bütün xüsusiyyətlərini ətraflı şəkildə öyrənmək üçün onların demək olar ki, vaxtları olmadı. Çünki kurs hazırlayarkən bir sıra fərqli amillər nəzərə alınmalıdır. Doğru yanaşma ilə belə bir kurs əhəmiyyətli vaxt qazanmağa kömək edə bilər, dizaynda hər hansı səhv isə əksinə, müəllim üçün iş həcmini kəskin artırar. Təlimin onlayn kurs formatına köçürülməsi təcrübəsi aşağıdakıların zəruri olduğu qənaətinə gətirdi:

  • Qrupda tədris alanların sayını nəzərə almaq. Yeni materialı izah edən mühazirə dərsləri böyük qruplar üçün keçirilə bilər. Bu, müəllimi dərsi hər bir sinfə fərdi olaraq izah etməkdən xilas edir. Kiçik qruplarla məşğul olmaqla, problemlərin həllinin praktik tərəflərinə daha çox diqqət ayıra bilərsiniz və ya bu vaxtı suallara cavab verməyə həsr edə bilərsiniz.
  • Dərs qeydlərini saxlamaq və buludda və ya məktəbdəki bir serverdə yerləşdirmək. Təhsil yenidən oflayn formata qayıdanda material yenidən lazım olacaq. Məsələn, hər hansı bir səbəbdən dərs buraxan tələbələr üçün qeydlər lazım olacaq və onlar hər zaman materialı öyrənmək imkanı əldə edəcəklər. Bu cür qeydləri yalnız səlahiyyətli istifadəçilərin əldə edə biləcəyi etibarlı bir yerdə saxlamalısınız. Bir yaddaş kartı və ya xarici bir sabit disk həmişə yaxşı bir həll deyil, çünki onlar itirilə bilər və ya cihazın özü qırıla bilər.
  • Tələbələr üçün rollar müəyyənləşdirmək. Müəllimin dərsində istifadə edəcəyi vasitələrin seçimi buna bağlıdır. Şagirdlər yalnız dinləyə bilər yoxsa dərs zamanı birbaşa suallara cavab vermək ehtimal olunur? Qiymət qoyulacaqmı və necə qoyulacaq?
  • Dərslərin ən əvvəlində tematik planlaşdırma tərtib etmək və artıq keçilmiş materialı işarələmək. Bu, təlim nəticələrini qeyd etməyə və proqramın keçilməsini tənzimləməyə kömək edir.
  • Mütləq şəkildə əks əlaqə formatı təyin etmək. Təhsil prosesinin bütün iştirakçılarından rəy və istəklər almaq vacibdir. Yalnız tələbələrin deyil, həm də valideynlərin, eyni zamanda həmkar müəllimlərin də fikirlərini nəzərə almaq lazımdır. Təhsil prosesindəki bütün iştirakçıların hərəkətlərini sinxronizasiya etmək effektiv bir kurs yaratmağa kömək edəcəkdir.
  • Etibarlı bir qoruyucu həlldən istifadə etmək və onu işlək saxlamaq. Zərərli fayllar və ya fişinq e-poçtları müəllimin hesabından göndərilirsə, əksər uşaqların bu mesajın orijinal olduğuna inanma ehtimalı çox yüksəkdir.

Onlayn təhsil zamanı valideynlər nələrə diqqət etməlidirlər

Proqramların istifadəsi və kibertəhlükəsizlik tədbirlərinə riayət olunmasına dair tövsiyələrlə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bölüşür:

Uşaqların özləri kimi, valideynləri də qeyri-müəyyən bir vəziyyətlə və tamamilə yeni bir yaşayış şəraiti ilə qarşılaşdılar. Özünü təcridetmə rejimi bir çox böyükləri evdə oxumağa davam edən uşaqlarının tərbiyəsinə və təhsilinə lazımi diqqət yetirərkən uzaqdan işləməyə məcbur etdi. Psixoloqlar məktəblilərin ənənəvi təhsil rejimini qorumağı məsləhət görürlər, məsələn, dərs başlamazdan ən az bir saat əvvəl uşağı oyatmaq. Onlayn öyrənmə probleminə fərqli bir tərəfdən – kiber təhlükəsizlik baxımından baxmağı təklif edirəm. Gəlin məsafədən təhsildən nələr öyrəndiyimizi və valideynlərin gələcəkdə səhvlərini necə təkrarlamamalı olduğunu aydınlaşdıraq:

  • Özünü təcrid şəraitində antivirusun aktiv olması xüsusilə vacibdir. Distant tədris zamanı ev tapşırıqları tez-tez məktub qoşmaları və veb mənbələrə keçidlər şəklində göndərilirdi. Bütün bunlar uşaqların sayıqlığını azalda və onları spam və fişinqə qarşı daha həssas edə bilər: içində zərərli əlavə olan başlıqsız və mətnsiz bir məktub açıla bilər.
  • Uşaqların onlayn təhsili üçün tələb olunan proqramlar yalnız rəsmi mənbələrdən quraşdırılmalıdır. Ödənişli bir proqrama ehtiyacınız varsa, onun pirat versiyasını axtarmamalısınız. Pulsuz alternativini yükləmək fikrini müəllimlə müzakirə etmək daha yaxşı olar.
  • Təhsil üçün iş masasına uzaqdan girişə ehtiyacınız olubsa, bu ehtiyac başa çatdıqdan sonra proqram dərhal silinməlidir.
  • Onlayn təhsil şəraitində, uşaq tez-tez veb-kamera və mikrofondan istifadə etməli olduqda, ona rahat bir yer ayırmaq lazımdır. Virtual bir fon və ya fokusdan istifadə edin ki, onlayn dərslər zamanı əlavə heç bir şeyin kameraya girməyəcəyindən əmin ola biləsiniz.
  • Valideynlərin məktəblilərin distant təhsilində iştirakı və uşaqların cihazlar arxasında keçirdikləri vaxtı yeni reallıqlara uyğun olaraq tənzimləmələri də vacibdir.

Video dərslər üçün müəllimlər hansı proqramlardan istifadə edə bilərlər?

Video konfrans üçün çox sayda müxtəlif tətbiq var, lakin bütün təlim formatlarına uyğun universal birini seçmək elə də asan deyil. Bütün bu xidmətlərin üstünlükləri və mənfi cəhətləri var, bəzi proqramları nümunə olaraq göstərirəm:

  • Microsoft Teams onlayn tədbirlərin təşkili və keçirilməsinə, sənədlərin saxlanmasına, tapşırıqların planlaşdırılmasına, sənədlərin birgə redaktə olunmasına icazə verir.
  • Zoom, ekran nümayişini təmin edən məşhur bir onlayn konfrans proqramıdır. Onun pulsuz versiyası yalnız 40 dəqiqəlik onlayn görüşə imkan verir. Bundan əlavə, bu proqram, bir çox digər xidmətlər kimi, bir sıra kiber təhlükəsizlik tədbirlərinə riayət etməyi tələb edir.
  • Discord, öz kanalınızı idarə etmək, ekran nümayişi ilə video konfranslar təşkil etmək və keçirmək üçün bir messencerdir.
  • Google Meet onlayn tədbirlərin təşkili, sənədlərin saxlanması və sənədlərin birgə redaktəsi üçün geniş imkanlara malikdir.

Onlayn dərslər keçərkən hansı kibertəhlükəsizlik tədbirlərinə riayət etmək lazımdır

Hazırki şərtlərdə məşhur olan videokonfrans xidməti Zoom, təhlükəsizliklə bağlı bəzi problemlərə görə artıq mütəxəssis ictimaiyyətinin diqqətini cəlb edib. Eyni zamanda, Zoom, yükün kəskin artmasının öhdəsindən uğurla gəlir və müxtəlif informasiya təhlükəsizliyi hadisələrinə tez reaksiya verir. Məktəb müəllimlərinin bu proqramın köməyilə mümkün qədər səmərəli və etibarlı video dərslər keçə bilməsi üçün aşağıdakı qaydalara riayət etməyi tövsiyə edirəm.

  • Hər bir konfransı parol ilə qoruyun və linklərini sosial şəbəkələrdə paylaşmayın;
  • “Gözləmə otağını” yandırın ki, yalnız iclasın təşkilatçısı kimi təsdiqlədiyiniz şəxslər konfransa qoşulsunlar;
  • Hesabınızı güclü bir şifrə ilə qoruyun (böyük və kiçik hərflərdən, rəqəmlərdıən və xüsusi simvollardan ibarət 12 simvolluq şifrə);
  • Proqramı yalnız rəsmi sayt olan zoom.us saytından və mobil qurğular üçün tətbiqləri – App Store və ya Google Play-dən yükləyin;
  • Dərsdən əvvəl ekran nümayişi parametrlərini yoxlayın – ekranın kim tərəfindən nümayiş etdirilə biləcəyini və birdən çox ekran nümayişinə icazə verilib-verilmədiyini müəyyənləşdirin. Əgər təqdimatı yalnız müəllim göstərəcəksə, bu funksiyaları tamamilə bağlamaq daha yaxşıdır;
  • Tələbələrin video dərsə giriş zamanı əsl ad və soyadlarından istifadə etmələrini təmin edin.

***

Məcburi özünü təcrid etmə uşaqların internetdəki davranışlarını dəyişdi və göstərdi ki, distant təhsil öz xüsusiyyətlərinə malikdir və təhsil keyfiyyətində minimal itkiyə yol verməklə belə bir sınaqdan keçməyə hazır olmaq lazımdır. Ən əsası isə, belə bir vəziyyətdə valideynlər və müəllimlər kiber təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər.