fərdi həllər təklif edirik
Hazırki pandemiya fonunda hakerlər müxtəlif təşkilatlara hücumlar etməyə çalışırlar. Bu barədə Trend-ə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Onun sözlərinə görə, rəsmi təşkilatların veb saytlarının klonları yaradılır, zərərli məktublar, SMS mesajları göndərilir və ümumdünya internet istifadəçilərinə digər hədəf hücumları edilir.
“Bu statistikanı keçən ilin müvafiq dövrü ilə müqayisə edə bilmərik, çünki hazırki məlumatlar 2019-cu ilin dekabrında başlayan koronavirusun yayılması fonunda baş verənlərə əsaslanır. Əlbəttə ki, haker hücumları həmişə olub və var, lakin bu vəziyyətdə, xüsusilə də fiziki və hüquqi şəxslərin müxtəlif məxfi məlumatlarının ələ keçirilməsi fonunda kiber cinayətkarlıq geniş vusət alıb.
Azərbaycanda bir təşkilatın və ya bir şəxsin haker hücumlarından zərər çəkə biləcəyi hallar aşkar edilməyib, lakin bu tip hücumlar bir çox ölkələrdə aktualdır,” – deyə Məmmədov bildirib.
Onun sözlərinə görə, haker hücumlarının qarşısını almaq üçün, Kaspersky, bütün növ təhdidlərin müəyyənləşdirilməsinə əsaslanan həll yolları hazırlayır. Əlbəttə ki, hədəf hücumunu böyük şirkətlərə yönəltmək hakerlərə baha başa gəlir. Lakin belə şirkətlər təhlükəsizliyini lazımi səviyyədə təmin etsələr və işçilərlə müvafiq təlimlər keçirsələr, bu cür yaxşı hazırlanmış haker hücumlarının qarşısını almaq olar. Bu tip təhlükələrin qarşısının alınmasında insan amili də böyük əhəmiyyətə malikdir. Buna görə də həm kiçik, həm də orta sahibkarlara və böyük təşkilatlara mütəmadi olaraq təşkilatın əməkdaşları ilə kiberhücumlar mövzusunda təlimlər keçirməyi tövsiyə edirik.
“Azərbaycan, digər inkişaf etməkdə olan ölkələr kimi, həm texniki avadanlıq baxımından, həm də ödənişlərin təhlükəsizliyini təmin etmək baxımından belə bir keçidə hazırdır. Nağdsız ödəniş sistemi 21-ci əsrdə etibarlıdır. Bu gün buraxılan bank kartları dünya səviyyəsində quraşdırılmış təhlükəsizlik standartlarına uyğundur. Burada bir daha insan amilini nəzərdən keçirməyə dəyər, çünki plastik kart sahibinin məsuliyyətsiz davranışı onun maliyyə itkisinə səbəb ola bilər.
Həm mağazalarda, həm də internetdə bütün ödənişlərin şifrəli formada aparıldığını, belə məlumatların ələ keçirilməsinin praktiki olaraq mümkün olmadığını nəzərə almaq lazımdır. Kibercinayətkarların əməlləri nəticəsində maliyyə itkilərinin qarşısını almaq üçün bütün plastik kart sahiblərinə internetdə yalnız rəsmi mənbələrdən alış-veriş etməyi, kart məlumatlarını və ödəniş təsdiqi kodlarını üçüncü şəxslərə və kənar şəxslərə, o cümlədən bank işçilərinə ötürməməyi tövsiyə edirik,” Kasperskinin Azərbaycandakı rəsmi nümayəndəsi bildirib.
Valideynlərə uşaqlarının paylaşımlarından və sosial şəbəkələrdəki dost siyahısındakı dəyişikliklərdən xəbərdar olmağa, habelə onların yerini real vaxt rejimində izləməyə imkan verən Kaspersky Safe Kids həllini vurğulamağa dəyər. Bu həll vasitəsilə valideynlər uşağını yersiz məzmundan və digər onlayn təhdidlərdən qoruya bilərlər. Valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı, onlara şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalıdırlar. Həqiqətən də, dövrümüzün məktəbə getməyə başlayan uşaqlarının əksəriyyəti öz qadcetinə (cihazına) sahibdir və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda yeddi yaşdan on yaşa qədər uşaqların təxminən 30 faizinin özünün smartfon və ya planşeti var, 11-14 yaşında olan yeniyetmələr arasında isə bu göstərici 67 faizə çatır.
Kiçik biznesə dəstək prosesi çərçivəsində təqdim edilən Kaspersky Small Office Security həllini də qeyd etmək istərdim. O, internetdə maliyyə əməliyyatlarının təhlükəsiz aparılmasına kömək edir, sındırılmağa davamlı olan parollar yaradır və onları etibarlı şəkildə qoruyur, virus hücumlarını bloklayır və avtomatik olaraq bütün faylların ehtiyat nüsxələrini yaradır. Bu proqramla işləmək üçün sistem administratoruna ehtiyac yoxdur.
Kaspersky bu gün həm Azərbaycanda, həm də dünyada çox sayda hüquqi şəxslərin təhlükəsizliyini təmin edir və həm texniki həllər verərək, həm də müvafiq təlimlər keçərək istənilən səviyyədə təhlükəsizliyi təmin etməyə hazırdır.
“Şirkətdə yüz faiz təhlükəsizliyi təmin edə biləcək fərdi həllər var və ehtiyac olarsa, yenilərini də inkişaf etdirə bilərik,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov son olaraq bildirib.