AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) nəzdində fəaliyyət göstərən “AI Academy” universitet və biznes nümayəndələrinin iştirakı ilə işgüzar səhər yeməyi təşkil edib.
Görüş süni intellekt üzrə istedadların inkişafı, tələbələrin peşəkar hazırlığının əmək bazarının aktual ehtiyacları ilə uyğunlaşdırılması və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyıb.
Müzakirələrdə universitet nümayəndələri, “AI Academy”nin təlimçiləri, eləcə də bir sıra şirkətlərin insan kapitalı, süni intellekt və texnologiya istiqamətləri üzrə rəhbər şəxsləri iştirak ediblər. Tərəflər perspektivli tələbələrin müəyyənləşdirilməsi, gənclərin peşəkar mühitə hazırlanması və şirkətlərin gələcək kompetensiya ehtiyacları ilə bağlı baxışlarını bölüşüblər.
Görüş zamanı “AI Academy”nin tədris modeli təqdim olunub. Bildirilib ki, Akademiyanın yanaşması nəzəri biliklərlə yanaşı, real problemlər üzərində işləmək, analitik düşünmək və tətbiqi həllər hazırlamaq bacarıqlarının inkişafına yönəlib. Növbəti qəbul çərçivəsində məqsədyönlü tələbələrin məlumatlandırılması və Akademiyaya cəlb olunmasında universitetlərlə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Şirkət nümayəndələri süni intellekt və data sahələrində tələb olunan texniki və fərdi bacarıqlar, mövcud kompetensiya boşluqları və gənc mütəxəssislərlə bağlı gözləntilərini səsləndiriblər. Universitet nümayəndələri isə tələbələrin istiqamətləndirilməsi və əlavə inkişaf imkanlarına çıxışının genişləndirilməsi üzrə təcrübələrini bölüşüblər.
Qeyd edək ki, görüş çərçivəsində formalaşan yanaşmalar süni intellekt üzrə kadr hazırlığının təhsil və biznesin ehtiyacları nəzərə alınmaqla inkişaf etdirilməsinə xidmət edəcək. MSİM bu istiqamətdə universitetlər və özəl sektorla əməkdaşlığını “AI Academy” vasitəsilə davam etdirəcək.






