- Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda texnologiyaları, konsultasiya xidmətlərini, kadr potensialının artırılması və ekosistem səviyyəsində əməkdaşlığı özündə birləşdirən ilk strukturlaşdırılmış kibertəhlükəsizlik proqramı
- Bu tərəfdaşlıq Azərbaycanın kibertəhlükəsizlik potensialının artırılması sahəsində regional iştirakçı kimi rolunu gücləndirir, onun təsirini lokal prioritetlərdən kənara çıxarır, həmçinin MDB bazarları və tərəfdaş ekosistemləri arasında əməkdaşlığı təmin edir.
- Proqram davamlı kibertəhlükə riskinin monitorinqi, milli və regional CISO əməkdaşlığı, kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması, startapların sürətləndirilməsi və KOB-lara yönəlmiş kibertəhlükə riskinin qiymətləndirmə alətləri daxil olmaqla, koordinasiyalı imkanlar toplusu təqdim edir.
Bakı, Azərbaycan – May 2026 – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin potensialının möhkəmləndirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İRİA-nın mövcud milli çərçivəsinə əsaslanan bu tərəfdaşlıq Azərbaycanda və daha geniş mənada, MDB regionunda dayanıqlılığı, peşəkar bacarıqların artırılması və institutlararası əməkdaşlığın dəstəklənməsi üçün nəzərdə tutulmuş strukturlaşdırılmış regional kibertəhlükəsizlik proqramı təqdim edir.
İmzalanma mərasimində iştirak edən “Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq bu təşəbbüsün “Mastercard”ın qlobal kibertəhlükəsizlik və xidmətlər gündəliyi çərçivəsində aktuallığını, həmçinin onun milli miqyasda dayanıqlılıq və ekosistem imkanlarının yaradılmasına yönəlmiş olduğunu vurğulayıb.

İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “Mastercard”ın kibertəhlükəsizlik sahəsində qlobal texnologiyalarını, analitik bilikləri və konsultasiya təcrübəsini Azərbaycanın rəqəmsal və tənzimləyici prioritetləri çərçivəsində birləşdirir. 3 illik əməkdaşlığı nəzərdə tutan bu təşəbbüs kibertəhlükəsizlik sahəsində səyləri birləşməklə, dövlət qurumlarının, maliyyə qurumlarının, müəssisələrin və KOB-ların ortaq biliklərə, alətlərə və təcrübəyə çıxış əldə edə biləcəyi koordinasiyalı əməliyyat modeli yaradır. Bununla proqram Azərbaycanın daha geniş rəqəmsal inkişaf və iqtisadi dayanıqlılıq prioritetlərini dəstəkləyir, eyni zamanda MDB ölkələri və qonşu bazarlar üçün nümunə rolunu oynayır.
“Kiberdayanıqlılıq müasir iqtisadiyyatların təməli olmaqla, sektorlar arasında dayanıqlı rəqəmsal inkişafı və etimadı təmin edir. Kibertəhlükələr daha mürəkkəb hala gəldikcə, qurumlar riskləri əvvəlcədən görə bilmək, hazırlığı gücləndirmək və inamla reaksiya vermək qabiliyyətinə malik olmalıdırlar. İRİA ilə tərəfdaşlığımız sayəsində “Mastercard” texnologiyaları, konsultasiya təcrübəsini və kadr potensialının inkişafını bir araya gətirir – təhlükəsizliyin təcrid olunmuş şəkildə deyil, bir-birinə bağlı ekosistemlər, habelə müxtəlif qurumlarda və ölkələrdə birlikdə çalışan bacarıqlı liderlər vasitəsilə qurulduğunu qəbul edir”, – “Mastercard”ın xidmətlər üzrə baş direktoru Kreyq Vosburq bildirib.
İRİA-nın sədri Fərid Osmanov “Mastercard” ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb: “Əməkdaşlığımız rəqəmsallaşma, innovasiya və kibertəhlükəsizlik sahələrinə yönələcək. “Mastercard” ilə birlikdə Kibertəhlükəsizlik üzrə Mükəmməllik Mərkəzinin yaradılmasını nəzərdən keçiririk. Mərkəzdə şirkətin aparıcı mütəxəssislərinin iştirakı ilə bu sahədə insan kapitalının inkişafını dəstəkləyən proqramlar təşkil olunacaq”.
Kibertəhlükəsizlik sahəsində innovasiyaların sürətləndirilməsi
Kibertəhlükəsizlik üzrə Mükəmməllik Mərkəzi çərçivəsində proqram “Mastercard”ın “Lighthouse” sürətləndirmə proqramının təqdim edilməsini nəzərdə tutur. Bu proqram seçilmiş startapları kibertəhlükəsizlik sahəsində mentorluq, tərəfdaşlıq, maliyyələşdirmə və kommersiyalaşdırma imkanları ilə təmin edəcək.
Regional liderlik və ölkələrarası əməkdaşlıq
Proqram çərçivəsində qurumlar, maliyyə institutları və iri müəssisələr arasında CISO səviyyəsində əməkdaşlıq platforması yaradılacaq. Bu platforma çərçivəsində dəyirmi masalar, ölkələrarası bençmarkinq, təhdidlər haqqında məlumat mübadiləsi və kiberböhran simulyasiyaları keçiriləcək. Bu istiqamət tərəfdaş qurumlar və ölkələr arasında strukturlaşdırılmış kibertəhlükəsizlik əməkdaşlığının gücləndirilməsində Azərbaycanın rolunu dəstəkləyir.
Kibertəhlükəsizlik sahəsində dayanıqlı kadrların və liderlərin yetişdirilməsi
Təşəbbüs təlim proqramları, “Cyber & Tech Safari” təşəbbüsləri və GRC (idarəetmə, risklər və tələblərin uyğunluğu) sahəsində mentorluq vasitəsilə kadr potensialının uzunmüddətli inkişafını dəstəkləyəcək ki, bu da bütün region üzrə kibertəhlükəsizlik sahəsində liderlərin və idarəetmə bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.
Azərbaycanın milli rəqəmsal ekosisteminə inteqrasiya
Proqram Azərbaycanın elektron hökumət ekosisteminə inteqrasiya olunmaqla vətəndaşların və kiçik biznesin kibertəhlükəsizlik imkanlarını genişləndirəcək. Əhatə dairəsinə identifikasiya məlumatlarının qorunması xidmətləri və KOB-lara yönəlmiş kibertəhlükə riskinin qiymətləndirmə alətləri daxildir ki, bu da təşkilatlara məruz qaldıqları risklərə qarşı həssaslıqlarını anlamağa, həmçinin kiberhadisələr əməliyyatlara və ya etimada təsir etməzdən əvvəl riskləri azaltmaq üçün praktiki addımlar atmağa kömək edir.
“Mastercard” haqqında
“Mastercard” dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatın inkişafına və insanların imkanlarının genişləndirilməsinə töhfə verir. Müştərilərimizlə birlikdə biz hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşidli rəqəmsal ödəniş seçimlərini dəstəkləməklə əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, bizneslərə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa imkan verən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

