Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri çərçivəsində AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin “AI Academy” tədris mərkəzinə ziyarəti baş tutub.

Ziyarətdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak edib. Nazir süni intellektin ölkənin rəqəmsal inkişaf gündəliyində strateji prioritet kimi müəyyən olunduğunu vurğulayaraq, insan kapitalının hazırlanması və texnoloji imkanların genişləndirilməsinin milli inkişaf modelinin əsas komponentlərindən biri olduğunu qeyd edib.

Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov qonaqlara Akademiyanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və inkişaf planları barədə məlumat verib. Bildirilib ki, “AI Academy” Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığının sistemli şəkildə təşkili, dövlət və özəl sektor üçün tətbiqyönümlü bacarıqların inkişaf etdirilməsi və innovasiya mühitinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.

Qonaqlara Akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları təqdim olunub, tədris prosesinin real layihələrə əsaslanan model üzrə qurulduğu diqqətə çatdırılıb. Bu yanaşmanın süni intellekt texnologiyalarının yalnız nəzəri bilik səviyyəsində deyil, konkret iqtisadi və institusional tətbiqlər vasitəsilə dəyər yaratmasına xidmət etdiyi bildirilib.

Görüş zamanı süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də bu istiqamətdə birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
