Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar

Donald Trump administrasiyasının yeni rüsumlar tətbiq etmək təhdidi Apple-ın səhm qiymətlərinin enməsinə səbəb olub və eyni zamanda iPhone-lara qarşı ajiotajlı tələbat yaradıb. Bloomberg-in məlumatına görə, alıcılar Çində istehsal olunan mallara 54%-lik tariflərin tətbiqindən sonra qiymətlərin kəskin bahalaşacağından ehtiyat edərək kütləvi şəkildə Apple-ın rəsmi mağazalarına axışıblar. Apple əməkdaşları ABŞ-da ötən həftəsonu müştəri axınının kəskin artdığını təsdiqləyiblər və demək olar ki, hər kəs iPhone-ların tezliklə bahalaşıb-bahalaşmayacağını soruşub. Yeni modellərin satışa çıxarıldığı vaxtlardakı kimi növbələr olmasa da, mağazalarda gərgin atmosfer hökm sürüb.

Narahat insanlar təşviş içində Apple cihazlarını alıblar və şirkətin həmin həftəsonu əldə etdiyi gəlir əvvəlki illərin eyni mövsüm göstəricilərindən yüksək olub. Apple isə bu vəziyyətlə bağlı hər hansı şərh verməkdən imtina edib. Bazar artıq bu böhrana reaksiya verib. Cəmi 2 gün ərzində Apple-ın bazar dəyəri yarım trilyon dollar azalıb və səhmlər 2001-ci ildən bəri ən pis enişi yaşayıb. Bununla belə, şirkət vəziyyətin təsirini azaltmaq üçün əlindən gələni edir – anbar ehtiyatlarını artırır və istehsalın bir hissəsini Çinlə müqayisədə rüsumların daha aşağı olduğu Hindistan və Vyetnama köçürür. Xatırladaq ki, Apple təkcə iPhone deyil, həm də Apple Watch, Mac, AirPods və iPad modellərini də Çində istehsal edirdi.

Bəzi Mac modelləri isə hazırda İrlandiya, Tayland və Malayziyada yığılır. Analitiklərin fikrincə, iPhone-un qiyməti ciddi şəkildə arta bilər, lakin Apple çox güman ki, qiymətlərin kəskin artmasının qarşısını almaq üçün təchizatçılara təzyiq göstərəcək və mənfəət marjasını azaldacaq. Hazırda flaqman modelin başlanğıc qiyməti 2017-ci ildən bəri 999$ olaraq qalır. Apple-ın baş direktoru Tim Cook və maliyyə direktoru Kevan Parekh 1 may tarixində ikinci rüb üzrə maliyyə hesabatını təqdim edəcəklər və burada, ehtimal ki, rüsumlar mövzusuna da toxunulacaq. Bununla belə, bu gün yaşanan satış sıçrayışı Apple-ın üçüncü rübdəki maliyyə nəticələrini dəstəkləyə bilər, lakin analitiklərin fikrincə, rüsumların əsl təsiri daha sonra özünü göstərəcək.