Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər. Serverlər elektrik enerjisi vasitəsilə çalışırlar və onlardan nə qədər çox istifadə edilirsə onların çalışmaları üçün bir o qədər çox elektrik enerjisi tələb edilir. Elektrik enerjisinin istehsalı prosesi isə heç də ekoloji təmiz bir proses deyil. Buna görə də hər bir internet istifadəçisi internetdən istifadə nəticəsində karbon izi qoyur. Karbon izi dedikdə isə bütün parnik qazı tullantıları nəzərdə tutulur.
Beləliklə statistikaya əsasən TikTok üçün 2023-cü ildə ABŞ və Böyük Britaniya regionları üzrə bu göstərici 7.6 milyon ton təşkil edib. Bu, X (keçmiş Twitter) və Snapchat-ın həmin regionlardakı karbon izi göstəricilərindən daha yüksəkdir. Instagram-ın istifadəçi kütləsinin 2 milyarda yaxın olmasına baxmayaraq TikTok-un karbon izi göstəricisi hətta Instagram-ın karbon izi göstəricisindən də yüksəkdir. Təqdim edilmiş statistikada TikTok-un bütün dünya üzrə parnik qazı tullantılarının miqdarı açıqlanmasa da The Guardian jurnalistlərinin hesablamalarına əsasən söhbət, 50 milyon ton parnik qazı tullantısından gedir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, bütün Yunanıstanın parnik qazı tullantısı göstəricisi 51.67 milyon ton təşkil edir. TikTok istifadəçilərinin daha böyük miqdarda karbon izi qoymalarının əsas səbəbi isə onların bu platformada çox zaman keçirmələrindədir. Məsələn orta statistik Instagram istifadəçisi gün ərzində ümumilikdə Instagram-da 30.6 dəqiqə vaxt keçirir. Orta statistik TikTok istifadəçisində isə bu göstərici 45.5 dəqiqə təşkil edir. Tədqiqatçılar bunu TikTok alqoritmləri ilə əlaqələndirirlər. Belə ki, onlar istifadəçilərdə TikTok-dan asılılığa səbəb olurlar. Bundan əlavə olaraq məlum olub ki, TikTok istifadəçisi il ərzində atmosferə 48.49 kq CO2 ifraz edir. YouTube istifadəçisi üçün bu göstərici 40.17 kq, Instagram istifadəçisi üçün isə 32.52 kq təşkil edir.