WhatsApp tərtibatçıları messencer daxilində çat üzərindən istifadəçiyə dəstək xidmətini təklif edəcək yeni funksiya üzərində çalışırlar. Hazırlanan bu yeni funksiya “Chat with us” adlanır. O, süni zəka tərəfindən tərtib edilən cavabların kifayət və ya qane etmədikləri halda istifadəçiyə sürətli şəkildə messencerin dəstək komandası ilə əlaqə yaratmaq imkanını verəcək. Qeyd etmək lazımdır ki, 2023-cü ildə messencer daxilində test rejimində süni zəka əsaslı dəstək çatı istifadəyə verilmişdi. Müəyyən müddətdən sonra isə o hamı üçün aktiv oldu.
Hazırlanan “Chat with us” funksiyası hal-hazırda messencerin beta versiyasında test mərhələsindədir. Məlumatda qeyd edilib ki, bu funksiya messencer daxilindəki yardım bölməsində mövcud olacaq. “Chat with us” bəndinə klikləyəndən sonra istifadəçi ayrıca çat vasitəsilə messencerin dəstək komandasından mesaj əldə edəcək. Bu halda belə istifadəçinin bəzi suallarına süni zəka tərəfindən tərtib edilmiş cavablar təqdim edilə bilər. Lakin həmin cavabların istifadəçini qane etmədiyi halda o, dəstək xidmətindən real insanla əlaqə qurmağı istəyə bilər. Bu funksiyanın bütün WhatsApp istifadəçiləri üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.