Dünyada artıq milyonlarla istifadəçisi olan Google Maps, çox maraqlı bir adam oğurluğu hadisəsi ilə gündəmə gəlib.
2023-cü ilin noyabr ayında qohumu tərəfindən polisə bir kişinin itkin düşdüyü barədə məumat verildi. Polisə verilən məlumatda, itkin düşən şəxs ilə telefon vasitəsilə müntəzəm əlaqə saxlanıldığı, lakin bir müddət sonra gələn mesajların şübhə yaratdığı qeyd edildi. Mesajlarda itkin şəxsin başqa bir yerə köçdüyü iddia edilsə də, mesajların üslubu və məzmunu qohumunun şübhələrinə səbəb oldu. Bundan sonra polis itkin şəxsin izini tapmağa başladı.
Araşdırmalar zamanı Google Maps-dən əldə edilən bir görüntü (yuxarıda) hadisənin həllinə töhfə verib. Şəkildə qırmızı avtomobilin arxasında dayanan bir kişinin iri, ağ paketi baqaja yerləşdirdiyi görünür. Aparılan araşdırmalar nəticəsində itkin şəxsin romantik münasibətdə olduğu bir qadının və onun başqa bir partnyorunun hadisəyə qarışdığı müəyyən edilib. Polis hər iki şübhəlini həbs edib və onların evlərində axtarış aparıb. Aparılan araşdırmalar zamanı isə bir qəbiristanlıqda basdırılmış insan qalıqları tapılıb. Bu qalıqların itkin şəxsə aid olduğu ehtimal edilir və dəqiq məhkəmə tibbi ekspertizası davam etdirilir.
İspaniya polisi tərəfindən verilən açıqlamada, Google Street View-dən alınan görüntünün hadisənin həllində əsas rol oynamasa da, istintaqa dəstək verən mühüm elementlərdən biri olduğu bildirilib. Daha əvvəl də Google Maps, İtaliyada təhlükəli bir cinayətkarın yerini müəyyən etmək kimi bəzi işlərdə mühüm ipucları təqdim etmişdi.