Süni zəka artıq həyatımızın hər sahəsinə daxil olmağa davam edir. İndi isə Life’s Echo adlı şirkət tərəfindən təqdim olan süni intellekt xidməti vasitəsilə vəfat etmiş insanlarla canlı bir şəxs kimi söhbət etmək mümkün olacaq.
Life’s Echo adlı bir şirkət süni intellektdən istifadə edərək vəfat etmiş yaxınlarınızla söhbət etmə imkanı təqdim edən bir xidmət hazırlayıb. Lakin bu yenilikçi layihə, eyni zamanda etik mübahisələrə də yol açır. Layihə ciddi hazırlıq işləri tələb edir və nəsillərə ötürüləcək bir “rəqəmsal insan” modeli yaradır.
Layihə, insanların həyat hekayələrini, səslərini və xarakter xüsusiyyətlərini qeyd edərək bir növ rəqəmsal surət hazırlayır. Bu prosesdə Sarah adlı virtual bir müsahib iştirak edir. Sarah insanlara uşaqlıq, karyera, ailə və xüsusi xatirələr kimi mövzularda dərin suallar verir. Ümumilikdə minlərlə suala cavab verildikdən sonra Life’s Echo bu məlumatları analiz edir və insanın səsini və hekayələrini ehtiva edən rəqəmsal model yaradır. Bu model, sadəcə insanların şəxsiyyətini qeydə almaqla yanaşı suallara cavab verə bilən və interaktiv şəkildə ünsiyyət qura bilən bir struktur da təşkil edir.
Yaradılan bu “AI Echo” istifadəçilərə illər sonra belə vəfat etmiş yaxınları ilə emosional bağ qurmağa imkan yaradır. Məsələn, bir uşaq illər sonra bu modelə “Mən doğulduğum zaman nə hiss etdin?” deyə sual verdikdə, süni intellekt real bir cavab təqdim edir. Bunun ailə üzvləri üçün həm emosional təsəlli, həm də keçmişi öyrənmək baxımından böyük bir yenilik olduğu iddia edilir. Life’s Echo-nun CEO-su Ruth Endacott bu texnologiyanı “nəsillərə xatirələrimizi və həyatımızı ötürməyin bir yolu” kimi təsvir edir. Endacott, bir çox insanın cəmi bir neçə nəsildən sonra tamamilə unudulduğunu vurğulayaraq, bu texnologiyanın bu boşluğu doldurmağı hədəflədiyini bildirir.