Google şirkətinin axtarış sistemləri sahəsindəki monopoliyası məhkəmə səviyyəsində təyin edildi

ABŞ Ədliyyə Nazirliyi 1 il bundan öncə Google şirkətinə qarşı antimonopoliya məqsədli məhkəmə iddiası qaldırmışdı. Belə ki, şirkət axtarış sistemləri bazarında monopoliyaya sahib olmaqda günahlandırılırdı. İndi isə məlum olub ki, ABŞ Federal məhkəməsinin hakimi Google şirkətinə qarşı qaldırılmış antimonopoliya məqsədli məhkəmə iddiasında şirkətin qeyd edilmiş mövzuda günahını təsdiqləyib. Bu, son 20 il ərzində nəhəng texnoloji şirkətə qarşı olan ilk böyük antimonopoliya qərarıdır.
Məhkəmə hakimi Amit Mehta bildirib ki, Google şirkətinin öz axtarış sisteminin veb brauzerlərdə, smartfonlarda və digər cihazlarda əsas axtarış sistemi olmasına istiqamətlənmiş Apple və digər şirkətlərlə milyardlarla dollar dəyərində müqavilələri faktiki olaraq bazarda rəqabətin formalaşmasına imkan vermirlər. Veb brauzerlərdə, smartfonlarda və digər cihazlarda Google Search axtarış sisteminin əsas axtarış sistemi rolunda çıxış etməsi sayəsində Google öz axtarış sistemini dünyada ən çox istifadə edilən axtarış sistemi halına gətirib. Bunun nəticəsində şirkət reklam sayəsində illik 300 milyard dollar gəlirə çata bilib.
Məhkəmə hakimi Google şirkətinə qarşı bu mövzuda hansısa tədbirlərin təyin olunması istiqamətində ayrıca məhkəmə prosesinin keçirilməsini planlaşdırır. Məhkəmənin Google şirkətinə qarşı müsbət antimonopoliya qərarını verməsi öz növbəsində Google şirkətinin və onun sahibi olan Alphabet holdinqinin səhmlərinin ümumi dəyərini 4% aşağı endirib. Qeyd etmək lazımdır ki, məhkəmə nəticə etibarilə Google ilə Apple arasında olan razılaşmaya da xitam verə bilər. Məsələ burasındadır ki, Google Search axtarış sisteminin Apple cihazlarında əsas axtarış sistemi olmasına görə Google şirkəti hər il Apple şirkətinə milyardlarla dollar vəsait ödəyir. Bu razılaşmaya xitam veriləcəyi halda Apple illik milyardlarla dollar gəlirdən məhrum ola bilər.