Apple şirkəti biraz əvvəl xüsusi tədbir çərçivəsində iPhone 15 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri daxil oldular. İlk öncə iPhone 15 və iPhone 15 Plus modellərindən başlayaq. Beləliklə Apple şirkəti iPhone 15 seriyasından başlayaraq bütün yeni modellərin ekranlarında ənənəvi çıxıntı hissədən imtina etdi. Belə ki, iPhone 15 və iPhone 15 Plus modellərinin ekranları da Dynamic Island çıxıntısını əldə ediblər. Digər bir yenilik isə iPhone 15 smartfonlarında Lightning girişindən imtina edilməsi olub.
Şirkət bu yeni smartfonlarda Lightning girişini USB-C ilə əvəz edib. Üstəlik yeni iPhone 15 modelləri ikitərəfli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Yəni istifadəçi bu yeni smartfonlar vasitəsilə AirPods qulaqlıqlarını şarj edə bilər. Beləliklə iPhone 15 modeli 6.1 düym OLED Super Retina XDR ekran, iPhone 15 Plus modeli isə 6.7 düym OLED Super Retina XDR ekran ilə təchiz olunub. Sözügedən smartfonların ekranlarının maksimal parlaqlıq səviyyələri HDR kontentin əks olunması rejimində 1600 nit, Günəş şüaları altında isə 2000 nit təşkil edir.
Ekranların dəstəklədikləri təsvir yenilənməsi göstəricisi 60 Hz təşkil edir. Üstəlik ekranlar Ceramic Shield adlı qoruyucu şüşə ilə əhatə olunublar. iPhone 15 və iPhone 15 Plus keçən ilki iPhone 14 Pro mdoellərinin sahib olduqları prosessoru əldə ediblər. Söhbət, A16 Bionic-dən gedir. Smartfonlar üstəlik keçən ilki iPhone 14 Pro modellərində olan 48 MP-lik əsas arxa kameranı da əldə ediblər. Bu kamera 2 qat zoom ilə fotolar və 4K keyfiyyətində videolar çəkə bilir. 2 qat zoom olmasına baxmayaraq isə çəkilən kontentlərin keyfiyyətləri itmir. Apple iPhone 15 modellərinin kameralarında yeni portret rejimini reallaşdırıb. Bundan sonra istifadəçi kameranı hansısa şəxsə fokuslasa, avtomatik olaraq portret rejimi aktivləşəcək.
İkinci arxa kamera ilə ön kamera 12 MP-likdir. Şirkət ənənəyə sadiq qalaraq smartfonların batareyaları barəsində heç bir məlumat verməsə də qeyd edib ki, onların bir dəfə şarj olunandan sonra çalışma müddətlərində artım var. Bütün iPhone 15 modelləri keçən ilki iPhone 14 modelləri kimi peyk rabitəsi üzərindən təcili yardım funksiyasını dəstəkləyirlər. Üstəlik bu funksiya yeni smartfonlarda həmçinin yol-nəqliyyat xidmətlərinə müraciət imkanını da əldə edib və daha çox ölkədə işə salınıb. iPhone 15 və iPhone 15 Plus modellərinin satışlarına 22 sentyabr tarixində start veriləcək. iPhone 15-in qiyməti 799$-dan, iPhone 15 Plus-ın qiyməti isə 899$-dan başlayacaq.
İndi isə keçək iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinə. Keçən ilki iPhone 14 Pro modelləri ilə müqayisədə iPhone 15 Pro modellərində əsas yenilik onların gövdələrinin titan materialdan hazırlanmasındadır. Üstəlik iPhone 15 Pro Max modeli 5 qat zoom özəlliyinə sahib telekameranı da əldə edib. iPhone 15 Pro modellərini daha öncəki iPhone Pro modellərindən fərqləndirən daha bir dizayn özəlliyi ondan ibarətdir ki, yeni smartfonlarda səssiz rejimə keçid düyməsi action düymə ilə əvəz edilib. Bundan sonra istifadəçi həmin düyməyə müxtəlif əməliyyatları təyin edə biləcək.
Action düyməyə uzun müddətli klikləmə smartfonu həmişəki kimi səssiz rejimə keçirəcək. Lakin tək klikləməyə müxtəlif əməliyyatları təyin etmək mümkündür. Beləliklə iPhone 15 Pro modeli 6.1 düym OLED Super Retina XDR ekran, iPhone 15 Pro Max modeli isə 6.7 düym OLED Super Retina XDR ekran ilə təchiz olunub. Hər iki ekranda təsvir yenilənməsi göstəricisi 120 Hz təşkil edir. iPhone 15 və iPhone 15 Plus modellərindən fərqli olaraq iPhone 15 Pro modelləri A17 Bionic prosessoru vasitəsilə çalışırlar. Sözügedən prosessor bazarın ilk 3 nanometrlik mobil prosessorudur. O özündə 19 milyard tranzistoru birləşdirir.
Hər iki smartfon 48 MP + 12 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunub. Lakin iPhone 15 Pro-nun 12 MP-lik telekamerası 3 qat zoom özəlliyinə sahib olduğu halda iPhone 15 Pro Max-ın 12 MP-lik telekamerası 5 qat zoom özəlliyinə sahibdir. Üstəlik iPhone 15 Pro Max-ın telekamerasında hal hazırda smartfon bazarındakı ən təkmilləşdirilmiş stabilizasiya sistemi istifadə edilir. Həmçinin bu smartfonlar 24 mm, 28 mm və 35 mm fokus məsafəli çəkilişləri reallaşdıra bilirlər. Smartfonlarda olan 48 MP-lik əsas kamera keçən ilki iPhone 14 Pro modellərindəki 48 MP-lik kamera olsa da, yeni smartfonlarda kamera sensorunun ölçüsü daha böyükdür.
Bunun hesabına yeni smartfonlardakı 48 MP-lik kamera daha çox işığı uda bilir. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə daha keyfiyyətli fotoların çəkilməsini mümkün edir. İşığın həddindən artıq az olduğu mühitdə isə sözügedən kamera 24 MP-lik keyfiyyətində fotolar çəkir. Bu halda o, fotoların daha yaxşı detalizasiyaya sahib olmalarına şərait yaradır. Smartfonlardakı ön kamera 12 MP təşkil edir. iPhone 15 və iPhone 15 Plus kimi iPhone 15 Pro mdoelləri də USB-C girişinə sahibdirlər. Lakin iPhone 15 Pro modellərində olan USB-C girişi USB 3.0 standartlıdır. Bu isə o deməkdir ki, iPhone 15 Pro modellərində məlumatların USB-C üzərindən ötürülməsi saniyədə 10 Gbit sürətlə reallaşdırılacaq. iPhone 15 Pro modelləri də 22 sentyabr tarixində satışa çıxacaqlar. iPhone 15 Pro-nun qiyməti 999$-dan, iPhone 15 Pro Max-ın qiyməti isə 1199$-dan start götürəcək.