Telegram-ın beta versiyasının kodunda hələ anons olunmamış bir neçə funksiya aşkar edilib. Söhbət kanalların Stories paylaşma imkanından və kanalların Discord-dakı kimi boosts sistemini əldə etmələrindən gedir. Qeyd etmək lazımdır ki, Telegram-da Stories paylaşımlarının edilməsi funksiyası hələ iyun ayında istifadəyə verilmişdi. Lakin həmin vaxtda bu funksiya yalnız Telegram Premium istifadəçiləri üçün aktiv idi. Keçən ay isə Stories paylaşımları imkanı bütün istifadəçilərdə aktivləşdirildi. Görünür, Telegram tərtibatçıları bu funksiyanı inkişaf etdirmək niyyətindədirlər.
Belə ki, Telegram-ın beta versiyasının kodunda olan məlumatlara əsasən Stories paylaşımları həmçinin messencer daxilindəki kanallar üçün də aktiv olacaq. Lakin bu, kanalın müəyyən boost səviyyəsinə çatdığı halda mümkün olacaq. Həmin boost-lar isə kanala istifadəçilər tərəfindən veriləcək. Buna oxşar sistem Discord servisinde mövcuddur. Kanalın sahib olacağı boost səviyyəsindən asılı olaraq onun üçün digər funksiyalar da aktiv olacaq. Lakin hal hazırda yalnız Stories paylaşımlarından söhbət gedir.
Məlumata əsasən kanala boost-ları yalnız Telegram Premium istifadəçiləri verə biləcəklər. Bununla belə hər bir Telegram Premium istifadəçisi yalnız bir boost-un təqdim edilməsi imkanına sahib olacaq və o, sutkada yalnız bir dəfə öz boost-nu digər kanala verə bilər. Digər funksiyalara gəldikdə isə istifadəçilər öz Stories paylaşımlarına audio əlavə edə biləcəklər. Üstəlik kanalların statistikalarında Premium istifadəçilərin sayı əks olunacaq. Bu yeniliklərin stabil Telegram versiyasında nə zaman istifadəyə veriləcəkləri bilinmir.