Instagram-da mesajların göndərilməsində sərt məhdudiyyətlər tətbiq edilib

Instagram öz platforması daxilində arzuolunmaz mesajlarla mübarizə üçün nəzərdə tutulmuş yeni məhdudiyyətləri işə salır. İşə salınmış yeni məhdudiyyətlər fotoları, mətnləri əhatə edir və ilk növbədə qadınlara hədəflənmiş spamlar ilə arzuolunmaz mesajların saylarının azalmasına istiqamətləndirilib. Beləliklə bundan sonra hər hansısa şəxs abunə olmadığı digər şəxsə mesaj göndərmək istədiyi halda yalnız bir ədəd mesaj göndərə biləcək. Bu halda iki şəxs arasındakı ünsiyyətin davam etdirilməsi üçün mesajı qəbul etmiş şəxs mesajı göndərmiş şəxsdən olan çat sorğusunu təsdiqləməli olacaq.


Bununla yanaşı çat sorğusunun göndərilməsi halında yalnız mətn formatında mesaj göndərmək olacaq. Bu isə o deməkdir ki, spamçılar və niyyətləri yaxşı olmayan digər istifadəçilər ilk mesaj qismində foto, video və ya səsli mesaj göndərə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, Instagram sözügedən məhdudiyyətləri iyun ayının sonunda test etməyə başlamışdı. Instagram bu məhdudiyyətləri qadınlar üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbiri kimi qələmə verir. Şosial şəbəkənin təmsilçiləri bildiriblər ki, Instagram-ın qadın istifadəçiləri çox zaman arzuolunmaz fotolar əldə edirlər. Tətbiq edilmiş yeni məhdudiyyətlər isə bu halın aradan qaldırılması üçün nəzərdə tutulub.