Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri dünyada ilk dəfə Günəş enerjisinin kosmosdan Yer kürəsinə uğurla ötürüldüyünü elan ediblər. Belə ki, bunun üçün nəzərdə tutulmuş təcrübi orbital platforma mikrodalğalı şüalanmanı institutun Pasadena şəhərindəki kampusunda yerləşən laboratoriyanın damındakı qəbulediciyə ötürüb. Kaliforniya Texnologiya İnstitutunda hazırlanmış SSPD-1 (Space Solar Power Demonstrator) adlı 50 kq-lıq cihaz bu ilin yanvar ayında SpaceX-in Transporeter-6 adlı faydalı yük paketi çərçivəsində kosmosa göndərilmişdi.
Sözügedən cihaz 3 moduldan ibarətdir və hər bir modul Günəş enerjisinin yığılaraq kosmosdan Yer kürəsinə ötürülməsi ilə bağlı olan bu və ya digər texnologiyanın test edilməsi üçün nəzərdə tutulub. Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri cihazda olan MAPLE adlı modulun uğurlu şəkildə testdən keçdiyini elan ediblər. Sözügedən modul Günəş enerjisini yığandan sonra onu mikrodalğalı şüalanmaya çevirir və daha sonra mikrodalğalı şüalanmanı anten vasitəsilə Yer kürəsinə ötürür. Bununla yanaşı MAPLE modulunun özündə enerjinin naqilsiz qəbuledicisi və ötürücüsü də quraşdırılıb.
Uğurla reallaşdırılmış bu təcrübə sözügedən texnologiyanın kosmosda çalışma imkanını sübut edib. Günəş elementləri vasitəsilə yığılmış enerji modulun bir divarından digərinə ötürülüb. Bunu modul daxilində yanıb-sönən diod işıqları vasitəsilə müşahidə etmək mümkün olub. Yer kürəsinə ötürülmüş və nəticədə qəbul edilmiş enerji hətta diod işıqlarının yanması üçün belə kifayət etməyib. Lakin indiki mərhələdə bunun elə də böyük əhəmiyyəti yoxdur. Əsas olan odur ki, texnologiyanın çalışma prinsipi praktiki cəhətdən uğurla yoxlanılıb. SSPD-1-də olan digər iki modul da Günəş enerjisinin yığılaraq ötürülməsinin müşahidə edilməsi üçün çox vacibdirlər.