NordLayer Adaptiv Şəbəkə Girişi və Təhlükəsizlik Həlləri şirkətinin hesabatına görə, Azərbaycan 66 ölkə arasında 59-cu yeri tutaraq, uzaqdan işləmək üçün ən yaxşı ölkələr sırasında yer alıb. Reytinqdə kibertəhlükəsizlik, iqtisadi və sosial şərait, rəqəmsal mühit və infrastruktur, həmçinin COVID-19-dan qaynaqlanan problemlərə cavab vermək və onları idarə etmək kimi göstəricilər nəzərə alınıb. Lakin bu uğura baxmayaraq, Azərbaycan hələ də reytinqin sonuncu onluğunda yer alır və “kibertəhlükəsizlik” baxımından ölkə 61-ci yerdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda hələ də kibertəhlükələrin artım ehtiyatı var.
Kibertəhlükəsizliyi təkmilləşdirmək üçün təkcə iri şirkətlər və dövlət təşkilatları deyil, həm də işçilərin özləri öz sayıqlığını və rəqəmsal savadlılıqlarını artıra bilər. Axı evdən işləmək təkcə ofisdə həmkarlar ilə daha az görüşmək anlamına gəlmir. Rabitə kanalları, avadanlıqlar, bu avadanlıqlara çıxışı olan insanların əhatəsi, məlumatlarla işləmə prosedurları, bəzən hətta müştərək iş alətləri dəyişir. Müvafiq olaraq, uzaqdan işləyən işçilər yeni təhlükələrə qarşı kövrək ola bilərlər.
Bununla əlaqədar Kaspersky uzaqdan iş rejimi zamanı əməl olunması gərəkən 7 onlayn təhlükəsizlik tövsiyəsi təklif edir:
1. Hərtərəfli antivirus həlli əldə edin. Korporativ məlumatlarla işlədiyiniz bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırdığınızdan əmin olun. Ən azı pulsuz antivirusdan başlaya bilərsiniz. Bu, yoluxma və işdə ciddi problemlərin yaranması riskini əhəmiyyətli dərəcədə azaltmağa səbəb olacaq.
2. Proqramları və əməliyyat sistemlərini yeniləyin. Onlarda daim zəifliklər tapılır. Təcavüzkarlar isə digər insanların cihazlarına daxil olmaq üçün onlardan istifadə etməyi sevirlər və çox vaxt proqram təminatını yeniləməyənləri nəzərə alırlar, çünki proqramların ən son versiyalarında zəifliklər adətən aradan qaldırılır. Buna görə də, işlədiyiniz cihazlarda quraşdırılmış hər şeyi mütəmadi olaraq yeniləmək daha yaxşı olar.
3. Ailə üzvlərinin iş cihazlarınızdan istifadə etməsinə icazə verməyin – onların heç də hamısı rəqəmsal təhlükəsizlik qaydalarından xəbərdar deyil. Buna görə də, şifrələrdən istifadə edin və məxfi faylları yad insanlardan, hətta qohumlardan da qoruyun.
4. Ortaq iş mərkəzlərində (co-working centers) və kafelərdə VPN üzərindən işləyin. İctimai Wi-Fi şəbəkələri çox vaxt ümumiyyətlə şifrələnmir və əgər belədirsə, o zaman hər kəs, o cümlədən, fırıldaqçılar, bağlantı şifrəsini əldə edə bilərlər. VPN vasitəsilə işləyərkən məlumatlarınız şəbəkə parametrlərindən asılı olmayaraq şifrələnəcək və kənar şəxslər onları oxuya bilməyəcəklər.
5. Cihazdan aralandığınız zaman onu kilidə salın. Hətta ayaqyoluna və ya çay içməyə getdiyiniz zaman belə iş yazışmalarınızı oxuya bilərlər. Ona görə də ekrandan hər dəfə uzaqlaşdıqda onu kilidləmək vacibdir. Sadəcə bu qaydanı yadda saxlayın və həmişə ona əməl edin.
6. Korporativ poçt, messencer və digər ünsiyyət vasitələrdən istifadə edin. Şübhəsiz ki, şirkətinizdə işçilərin istifadə etdiyi bir sıra İT xidmətləri var: Microsoft Office 365, korporativ messencer, korporativ poçt. Onlar şirkətinizin İT departamenti tərəfindən konfiqurasiya edilir və onlar konfiqurasiya keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Google Diskdə ictimai domendə nəyisə yerləşdirməklə özünüzü riskə atırsınız, çünki hər kəs ona keçid edə bilər və onda olan məlumatlar axtarış mühərrikləri tərəfindən indeksləşdirilir ki, bu da sənədinizə arzuolunmaz “qonaqların” müdaxiləsinə səbəb ola bilər. Buna görə də, sənədlər və digər məlumatların mübadiləsi üçün yalnız korporativ resurslardan istifadə edin.
7. Ayıq-sayıq olun. Bəzən hətta arzuolunmaz məktub belə korporativ poçta sıza bilər. Bu uzaqdan iş rejimində xüsusilə aktualdır, çünki yazışmaların həcmi əhəmiyyətli dərəcədə yüksək olur. Mesajları diqqətlə oxuyun və onlara cavab verməyə tələsməyin, xüsusən də əgər sizdən təcili və pulla bağlı nəsə istəyirlərsə. Özünüzü sığortalamaqdan çəkinməyin və rəhbərlikdən bunun həqiqətən lazım olub-olmadığını soruşun.