Bu günlərdə Azərbaycanda Tik-Tok sosial şəbəkəsi bloklanıb. İstifadəçilər məşhur sosial şəbəkəyə daxil olmaq üçün VPN tətbiqləri yükləməyə başlayıblar. Kaspersky sizi cihazlarınızda quraşdırdığınız proqramlarla bağlı diqqətli olmağa çağırır və VPN xidmətini seçərkən nələrə diqqət etməyiniz barədə tövsiyələri ilə paylaşır.
VPN nədir?
VPN (ing. Virtual Private Network – Virtual Şəxsi Şəbəkə) cihaz və VPN serveri arasında şifrələnmiş əlaqə yaratmağa imkan verən texnologiyadır. Onun vasitəsi ilə məxfi məlumatları şifrələnmiş formada ötürə, IP ünvanını və yerini gizlədə bilərsiniz. Başqa sözlə, istifadəçinin cihazı ilə İnternet arasında məlumat ötürülməsi üçün təhlükəsiz “tunel”-dir.
VPN 100% təhlükəsizdirmi?
VPN, məsələn, bir şəxsin tüəhlükəsizlik yoxlanışından keçməyən ictimai Wi-Fi şəbəkəsindən istifadə etmək istədiyi zaman faydalıdır. Eyni zamanda, VPN bütün kiber təhlükələrə qarşı dözümlü deyil: bu texnologiya sizi zərərli və arzuolunmaz reklam proqramlarından, fişinqdən və ya rəqəmsal fırıldaqçılıqdan qorumayacaq. Vaxtaşırı olaraq VPN xidmətləri təcavüzkarların qurbanına çevrilir. Məsələn, nordvpn həllinin sındırılması ilə 20 milyon istifadəçi hesabının məlumatları açıq şəbəkəyə sızıb.
VPN-i necə seçməli?
VPN həllinin seçilməsinə diqqətlə yanaşmaq lazımdır. Yaxşı reputasiyaya malik tanınmış tərtibatçıların kommersiya xidmətlərinə üstünlük vermək daha yaxşı olar. Onların təklifləri ilə istifadəçinin şəxsi məlumatlarının təhlükəsizliyi ehtimalı daha yüksəkdir: pullu xidmət satıcını tez-tez daha çox məsuliyyət daşımağa vadar edir.
Ödənişli versiyalar xidmət üçün ödənişin edildiyi hesab üçün login və şifrə daxil etməyi tələb edir. Bəzi xidmətlər sizə verilmiş giriş şifrəsindən istifadə edərək qoşulmağa imkan verir, bu halda heç bir yerdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Tamamilə pulsuz təklif olunan həllər sonradan pula çevirmək üçün tez-tez istifadəçilərin bəzi məlumatlarını toplayır. Buna görə də, provayder seçərkən, xidmətin göstərildiyi şərtləri diqqətlə oxumalısınız.
Təəssüf ki, tamamilə anonim xidmətlər yoxdur, çünki həm dövlət orqanlarının tələbi əsasında, həm də kiberhücumlar nəticəsində hər zaman hostinq provayderlərindən məlumat əldə etmək mümkündür.
“Ödənişli VPN xidmətlərini seçməyi tövsiyə edirik, çünki xidmət tamamilə pulsuzdursa, provayder yəqin ki, başqa bir yol ilə, məsələn, istifadəçi məlumatlarını satmaqla gəlir əldə edir. Provayderin istifadəçi hərəkətlərinin qeydlərini saxlamaması vacibdir – bu, provayderin bazasından məlumat sızması halında sizi qoruyacaqdır. İstifadəçi müqaviləsini diqqətlə oxumaq da mütləqdir, çünki bəzən tərtibatçılar müqavilədə istifadəçi məlumatlarına daxil olmaq imkanını birbaşa qeyd edirlər. Bundan əlavə, hətta VPN-dən istifadə edərkən saytlara sorğular yalnız https protokolundan istifadə etməklə göndərilməlidir – bu, məlumatların saytla istifadəçinin cihazı arasında ötürülməsi zamanı onların bütövlüyünü və məxfiliyini təmin edən protokoldur,” – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov tövsiyə edir.