Müştəri yönümlü strategiyasını davam etdirən “Nar”, 2022-ci ilin ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb. Aparılan hesablamalar göstərir ki, “Nar” müştəriləri balansın yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirən “Nar+” tətbiqinə üstünlük verir.
Belə ki, ötən illə müqayisədə “Nar+” tətbiqindən istifadə yarım milyon artaraq 6,6 milyon olub. Yaranan suallara operativ cavab almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə ərzində cavab alıblar.
“Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq üzərindən aparması fonunda çağrı mərkəzlərinə zənglərin və “Nar” xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur. 2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən zənglərin və Nar mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17% azalıb. Çağrı mərkəzinə daxil olan sorğuların 93%-i ilk zəngdən həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.