Azərbaycan İKT sahəsində yerli peşəkarların yetişməsi məqsədilə keçirilən “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) növbəti dəfə keçirildi. Texniki peşə istiqamətlərində təhsil alan tələbələr üçün nəzərədə tutulan təlim proqramı mobil operator “Nar” tərəfindən hazırlanır.
Təlimdə iştirak edən tələbələr mobil rabitənin tarixi, təkamülü, standartları, həmçinin, şəbəkə arxitekturası və texnologiyaları kimi əhatəli mövzular haqqında biliklər əldə edir. Bütün mövzular “Nar”ın texniki heyəti tərəfindən mobil operatorun təcrübəsi əsasında hazırlanır və elə texniki heyətin əməkdaşı tərəfindən keçilir. Təlimlər zamanı tələbələr suallarını birbaşa mobil operatorun nümayəndəsinə ünvanlamaq imkanı əldə edir.
Qeyd edək ki, “Mobil rabitənin əsasları” təlimi “Nar” və AzTU arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində davamlı olaraq hər il keçirilir. Bu təlimlərin tələbələrin universiteti bitirdikdən sonra karyeralarına daha rahat başlanğıc etmək və qısa zamanda rabitə sahəsinin peşəkarlarına çevrilmək imkanı yaradır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.