Şirkət Novruz bayramında gənc musiqiçi Xan Bəylinin konsertini təşkil etdi
Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub. Vaşinqtonun ən məşhur konset zallarının birində tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb.
Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.
Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarını və saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb.
Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan Bəyli Azərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi xoş ovqat bəxş edib.
Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə səhnəni bölüşüb.
Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez bir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq.
“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu edir!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz