Sam Altman bildirib ki, Hindistanda ChatGPT-nin 100 milyon həftəlik aktiv istifadəçisi var və ölkə artıq OpenAI üçün qlobal miqyasda ən böyük bazarlardan birinə çevrilib. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, bu açıqlama Nyu-Dehlidə keçirilən dövlət səviyyəli AI sammiti öncəsi verilib. Onun sözlərinə görə, Hindistan hazırda ChatGPT istifadəçi sayına görə ABŞ-dən sonra ikinci yerdədir. Platformanın qlobal həftəlik aktiv istifadəçi sayı isə 2025-ci ilin oktyabr ayına olan məlumata əsasən 800 milyonu keçib və 900 milyona yaxınlaşır.

OpenAI 2025-ci ilin avqustunda Nyu-Dehlidə rəsmi ofisini açıb. Şirkət qiymətə həssas bazarı nəzərə alaraq Hindistan üçün xüsusi yanaşma tətbiq edib. Belə ki, aylıq 5 dollardan aşağı qiymətə təqdim olunan ChatGPT Go planı daha sonra hindistanlı istifadəçilər üçün 1 il müddətinə pulsuz edilib. Altman vurğulayıb ki, Hindistanın gənc əhalisi və 1 milyarddan çox internet istifadəçisi OpenAI-ın qlobal genişlənməsi üçün əsas drayverlərdən biridir. Altmanın açıqlamasına görə, Hindistan ChatGPT-dən istifadə edən tələbələrin sayına görə dünyada birinci yerdədir. Süni intellekt alətlərinin təhsil prosesinə inteqrasiyası sürətlə artır.
Eyni zamanda Google da Hindistan bazarına xüsusi diqqət ayırır. Şirkət 2025-ci ilin sentyabrında hindistanlı tələbələrə AI Pro planı üçün 1 illik pulsuz abunə təqdim edib. Bundan əlavə, Google-un Gemini alətindən təhsil məqsədilə istifadə də Hindistanda qlobal rekord səviyyədədir.
