Sənaye müəssisələrinin təxminən dörddə birinin hər biri son iki ildə kiberhücumlar nəticəsində 5 milyon dollardan çox itki ilə üzləşib

Bu barədə Kaspersky və “VDC Research”in birgə araşdırmasında deyilir

Dünya üzrə sənaye müəssisələrinin yarıdan çoxu 2023-2024-cü illərdə kiberhücumlar nəticəsində dəymiş maliyyə zərərini 1 milyon dollardan çox qiymətləndirir. Eyni zamanda, demək olar ki, hər dördüncü təşkilat (23%) bu səbəbdən ən azı 5 milyon dollar, digər 2% isə ən azı 10 milyon dollar itirib. Bu barədə Kaspersky və “VDC Research” şirkətlərinin “İxtisaslaşdırılmış həllərlə sənaye təhlükəsizliyinin təmin edilməsi” adlı birgə araşdırmasında* deyilir.

Tədqiqat nəticəsində məlum olub ki, ən çox yayılmış xərclərə insidentlərə reaksiya (22%), itirilmiş mənfəət (19%), istehsalın qəfil dayanması (17%), avadanlığın və ya digər əmlakın təmiri və dəyişdirilməsi (19%), təcavüzkarlara fidyə ödənişləri (12%) və prosesdə istifadə olunan inventarın xarab olması və ya itirilməsi (12%) daxildir.

Təşkilatların xərclərinə təsir edən ən mühüm amillərdən biri qəfil istehsal fasilələridir, çünki onlar çox uzun və əhəmiyyətli bir müddət davam edə bilər. Beləliklə, respondentlərin 70%-i uzun müddət, yəni 4 saatdan 24 saata qədər fasilələrlə üzləşib. Bu cür hallar müəssisələrin gəlirlərini əhəmiyyətli dərəcədə azalda, daxili prosesləri poza, həmçinin müştərilərin inamını sarsıda bilər.

“Qəfil fasilələr sənaye və istehsal təşkilatları üçün ciddi problemdir, belə hallar əhəmiyyətli maliyyə itkilərinə səbəb ola bilər. Avadanlıqların nasazlığı və digər problemlərin qarşısını almaq üçün yalnız düzgün texniki xidmət göstərən strategiyaları həyata keçirmək deyil, həm də kibertəhlükəsizlik sistemini gücləndirmək vacibdir. Əgər rəqəmsal risklərə yetərincə diqqət ayrılmasa, istehsalın dayanmasının qarşısını almaq və şirkətin mənfəətini qorumaq üçün göstərilən bütün səylər səmərəsiz ola bilər.”, – deyə Kaspersky-nin Sənaye təhlükəsizliyi məhsullarının inkişafı şöbəsinin rəhbəri Andrey Strelkov bildirir.

Araşdırma sənayeyə nəzarət sisteminin (ICS) kibertəhlükəsizliyinin mövcud vəziyyətinin təhlilini təqdim edir və dünya üzrə sənaye təşkilatlarına təsir edən əsas texnologiya və biznes tendensiyalarını təsvir edir, həmçinin yaranan problemlərin həlli üçün tətbiq edilən ən yaxşı təcrübələri sadalayır.

Kaspersky sənaye müəssisələrinə xüsusi təhlükəsizlik texnologiyalarını və ekspertlərin təcrübə və biliklərini bir arada təqdim edən ekosistem təklif edir. Onun əsas komponenti yerli XDR platforması “Kaspersky Industrial Cybersecurity”dir (KICS). Həll hərtərəfli infrastruktur təhlükəsizliyini təmin edir və insidentlərə təhlükəsiz reaksiya, aktivlərin mərkəzləşdirilmiş idarəçiliyi, audit və risklərin qiymətləndirilməsi kimi imkanları təmin edir və mürəkkəb mühitlərdə miqyaslandırıla bilən mühafizəyə imkan verir.

Araşdırmanın tam versiyasını buradan oxuya bilərsiniz. Kaspersky-nin saytından KICS platforması haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

“VDC Research” haqqında

“VDC Research” 1971-ci ildə əsası qoyulmuş konsaltinq və tədqiqat şirkətidir. O, dünya üzrə texnologiya satıcılarına, son istifadəçilərə və investorlara avtomatik identifikasiya və izləmə, müəssisənin mobilliyi, sənaye avtomatlaşdırılması və Əşyaların İnterneti cihazlarına daxil edilmiş texnologiyalarla bağlı məhsullar haqqında ətraflı ekspert məlumatları təqdim edir.

* Məlumatlar son bir neçə il ərzində “VDC Research” tərəfindən aparılmış sənaye kibertəhlükəsizliyi tədqiqatlarına, həmçinin enerji, kommunal xidmətlər, nəqliyyat, logistika və istehsalat daxil olmaqla müxtəlif ölkələrdən və sənayelərdən 250-dən çox OT və İT qərarı qəbul edənlərin sorğusuna əsaslanır.