
Google süni zəka əsaslı yeni funksiyanı təqdim edib. Bu funksiya iPhone istifadəçilərinə internetdə rast gəlinən çətin terminologiyanı daha asan anlamaqda kömək edəcək. Alət Simplify adlanır və artıq iOS tətbiqində yayılmağa başlayıb. Simplify funksiyası veb-səhifədə seçilmiş mətni birbaşa Google tətbiqi daxilində – əlavə resurslara keçid olmadan – daha sadə və anlaşılan formaya çevirə bilir. The Verge-in yazdığına görə, bu funksiya Gemini adlı süni zəka modeli əsasında hazırlanıb və məqsədi peşəkar və texniki leksikanı geniş auditoriya üçün daha əlçatan etməkdir.
Şirkətin sözlərinə görə, Simplify funksiyası tibbi və ya elmi terminləri mənasını təhrif etmədən izah edə bilir. Məsələn, “emfizema” termini “ağciyərlərdəki hava kisəciklərinin zədələndiyi vəziyyət” kimi, “fibroz” isə “zədələnməyə cavab olaraq birləşdirici toxumanın sərtləşməsi və ya çapıqlı toxuma əmələ gəlməsi” kimi izah olunur. Bu da aləti xüsusilə elmi məqalələr, tibbi hesabatlar və ya hüquqi sənədlər kimi mürəkkəb materialların oxunması üçün əlverişli edir.

Google bildirir ki, testlər zamanı istifadəçilər mətnlərin sadələşdirilmiş versiyalarını orijinala nisbətən xeyli daha faydalı hesab ediblər. iOS üçün Google tətbiqində bu funksiyanı aktivləşdirmək üçün sadəcə veb-səhifədə istədiyiniz mətn hissəsini seçmək və açılan menyuda Simplify işarəsini klikləmək kifayətdir. The Verge nəşrinin Android və Chrome brauzerində bu funksiyanın da istifadəyə verilib-verilməyəcəyi ilə bağlı sualına cavab olaraq Google nümayəndəsi Jennifer Kutz bildirib: “Hazırda bu istiqamətdə plan yoxdur, lakin biz hər zaman faydalı funksiyaları digər məhsullarımıza da əlavə etməyə çalışırıq”.