Apple-ın rüsum xərcləri səbəbilə iPhone-ların qiymətləri artacaq

Apple-ın son gəlir hesabatı göstərir ki, şirkət hələlik məhsullarının qiymətini artırmadan əlavə tarif xərclərini özü qarşılayır. Lakin ekspertlər düşünürlər ki, bu vəziyyət uzun çəkməyəcək, çünki Apple rentabelliyini qorumağa xüsusi önəm verir. Onların fikrincə, Apple yeni tariflərin təsirini heç olmasa qismən kompensasiya etmək üçün qiymətləri artıracaq. Hazırda tariflərin təsiri nisbətən azdır. Apple gəlir hesabatında bildirir ki, iyun ayında başa çatan üçüncü maliyyə rübündə tariflər səbəbindən əlavə olaraq təxminən 900 milyon dollar xərc gözlənilir. Bu məbləğ Apple məhsullarının proqnozlaşdırılan maya dəyərinə maksimum 2% əlavə edəcək. Lakin Apple üçün tarif problemləri bununla bitmir.

Şirkətin baş direktoru Tim Cook vurğulayıb ki, üçüncü maliyyə rübündə müəyyən “unikal amillər” vəziyyəti qismən yumşaldır, amma gələcəkdə xərclərin artması davam edəcək. Bu artım həmçinin yarımkeçirici məhsullara tətbiq olunacaq əlavə tariflərlə də bağlı olacaq. Bu tariflərin perspektivini nəzərə alaraq, analitiklər iyun ayından sonrakı bir neçə rüb ərzində məhsulların maya dəyərinə təsir edən 900 milyon dollarlıq “zərbənin ən azı ikiqat artacağını” gözləyirlər. Apple-ın gələcək dövrlərdəki mənfəət marjası ilə bağlı narahatlıqlar keçən həftə şirkətin səhmlərinin təxminən 4% ucuzlaşmasına səbəb olub.

Gözlənilən nazik gövdəli iPhone 17 Air-in zəif enerji saxlama qabiliyyəti ilə bağlı yayılan şayiələr isə dünən səhmlərin əlavə 3% dəyər itirməsinə gətirib çıxarıb. 2 aprel tarixində yeni tariflərin elan olunmasından bu yana Apple 350 milyard dollardan çox bazar dəyərini itirib. Digər böyük texnologiya şirkətlərinin əksəriyyəti həmin vaxtdan bəri itkiləri bərpa edə bilsə də, Apple hələ ki bunu bacarmayıb. Şirkət artan tarif xərclərini kompensasiya etmək üçün bir sıra addımlar atır. ABŞ-a göndəriləcək cihazların əksəriyyəti Hindistan və Vyetnamdan təmin olunacaq.

Lakin Apple üçün uzun illərdir istifadə etdiyi Çin istehsal bazasından tamamilə imtina etmək çox çətin olacaq. Uzunmüddətli perspektivdə qiymət artımı, məhsullarının böyük bir hissəsini Çində istehsal edən Apple üçün ən mümkün ssenarilərdən biri hesab olunur. Bu, Apple üçün yeni bir vəziyyət sayılmaz, çünki son illərdə şirkət cihazlarının orta satış qiymətini nəzərəçarpacaq dərəcədə artırıb, baxmayaraq ki, flaqman modelin başlanğıc qiymətini 2017-ci ildən bəri 999$ səviyyəsində saxlayır. Bu artım, daha böyük yaddaşa sahib konfiqurasiyaların və daha premium

iPhone modellərinin təqdim olunması ilə mümkün olub. Visible Alpha-nın məlumatına görə, ilk iPhone Pro modelləri 2019-cu ilin sonunda satışa çıxarılanadək iPhone-un orta satış qiyməti təxminən 755$ idi. 3 il sonra bu rəqəm 963$ yüksəlib. Ekspertlərin fikrincə, Apple-ın yeni smartfonlarının satışları cihazların qaçılmaz bahalaşması fonunda ciddi şəkildə azala bilər. Bu vəziyyətə mobil operatorların qiymətləri “yumşaltmaq” məqsədilə subsidiyalardan və aksiyalardan imtina etməsi də təsir göstərəcək. Verizon və AT&T rəhbərləri qeyd ediblər ki, “mobil telefonlar üçün heç bir böyük tarif artımını qarşılamaq niyyətində deyillər”.