
Google-un həmtəsisçisi Larry Page, süni zəka sahəsində Dynatomics adlı yeni bir startap təsis edib. Şirkət məhsul istehsalında tətbiq edilə biləcək süni zəka həllərinin hazırlanması ilə məşğul olacaq. Larry Page kiçik bir mühəndis qrupu ilə birlikdə obyektlərin “yüksək optimallaşdırılmış” konstruksiyalarını yarada bilən və daha sonra onları zavodda istehsal edə bilən süni zəka sistemi üzərində çalışır. Bu gizli layihəyə əvvəllər Page-in dəstəklədiyi Kittyhawk startapının texniki direktoru olmuş Chris Anderson rəhbərlik edir.
Google-un həmtəsisçisi süni zəkanın istehsal proseslərini təkmilləşdirmək üçün istifadəsini araşdıran yeganə sahibkar deyil. Lakin o bu sahədə fəaliyyət göstərən ən varlı şəxslərdən biridir. Bloomberg-in 7 mart 2025-ci il tarixli milyarderlər reytinqinə görə, Larry Page 156 milyard dollar sərvətlə səkkizinci yeri tutur. O, siyahıda investor Warren Buffet və Google-un digər həmtəsisçisi Sergey Brin arasında qərarlaşıb.
DeepMind-in (Google-a məxsusdur) keçmiş əməkdaşı Jonathan Godwin də süni zəka əsaslı platforma yaradan Orbital Materials adlı bir şirkət təsis edib. Bu texnologiya yeni materialların aşkar edilməsi üçün istifadə olunacaq. Page və Brin Google-u 1998-ci ildə təsis ediblər. 2001-ci ilin yayına qədər Page şirkətin baş icraçı direktoru (CEO) olub və 2011-2015-ci illərdə bu vəzifəyə geri qayıdıb. 2019-cu ilə qədər isə Google-un ana şirkəti olan Alphabet holdinqini idarə edib. Bu gün Page və Brin, Alphabet-in idarə heyətinin üzvləri sırasındadırlar.