Bir qrup alim kolon xərçəngi hüceyrələri üzərində araşdırma apararaq, bu hüceyrələrin sağlam vəziyyətə qayıtmasını təmin edən yeni bir üsul kəşf edib. Yeni texnika, xərçəngin müalicəsində inqilabi rol oynaya bilər.
Xərçəng müalicəsi sahəsində inqilabi bir yenilik Cənubi Koreyalı alimlər tərəfindən elan edilib. Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutundan (KAIST) tədqiqatçılar, kolon xərçəngi hüceyrələrini genetik müdaxilə ilə sağlam hüceyrələrə çevirməyi bacarıblar. Bu yeni yanaşma, xərçənglə mübarizədə mövcud metodları tamamilə dəyişdirə biləcək potensiala malikdir. Mövcud xərçəng müalicələrinin əksəriyyəti xərçəngli hüceyrələri məhv etməyə yönəlir. Lakin bu üsullar, tez-tez sağlam hüceyrələrin və toxumaların da zərər görməsinə səbəb olur. Müalicə uğurlu olsa da belə, yan təsirləri xəstələrin həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərə bilir.
KAIST qrupunun hazırladığı yeni üsul isə fərqli bir yanaşma tətbiq edir. Tədqiqatçılar, xərçəng hüceyrələrini məhv etmək əvəzinə, bu hüceyrələrin sağlam hüceyrələrə çevrilməsini təmin edən genetik bir mexanizm kəşf ediblər. Bu proses zamanı heç bir hüceyrə materialı itirilmədən xərçəng təhlükəsi aradan qaldırılır. Tədqiqatçılar, sağlam hüceyrələrin inkişaf prosesini modelləşdirən rəqəmsal bir sistem üzərində işləyiblər. Bu prosesdə, bağırsaq divarını örtən hüceyrələrin fərqlənməsində iştirak edən “əsas tənzimləyici” molekulları aşkar ediblər. MYB, HDAC2 və FOXA2 adlanan bu molekullar basdırıldıqda, kolon xərçəngi hüceyrələri sağlam vəziyyətə qayıdıb.
Təcrübələr, rəqəmsal modelləşdirmələr, molekulyar sınaqlar və siçanlar üzərində aparılan testlərlə təsdiqlənib. KAIST professoru Kwang-Hyun Cho bu kəşfi belə şərh edib: “Xərçəng hüceyrələrinin yenidən normal hüceyrələrə çevrilməsi heyrətamiz bir hadisədir. Bu araşdırma, belə bir çevrilmənin sistematik olaraq induksiya edilə biləcəyini sübut edir.” Tədqiqatçılar bu üsulu yalnız kolon xərçəngi hüceyrələri ilə deyil, həm də siçan beyninin hipokampus bölgəsindəki hüceyrələr üzərində də sınaqdan keçiriblər. Beyin xərçənginin inkişafını dayandırmaq potensialına sahib olan bu metodun digər xərçəng növlərinə necə tətbiq edilə biləcəyi araşdırılır. Bu texnologiyanın digər orqanlardakı xərçəng hüceyrələrini də normallaşdıra biləcək şəkildə inkişaf etdirilməsi, xərçəng müalicəsində köklü bir dəyişiklik yarada bilər.