Böyük Britaniya Müdafiə Nazirliyi yalnız radio dalğalarından istifadə edərək pilotsuz uçuş aparatlarını zərərsizləşdirə bilən və bunu çox az büdcə ilə həyata keçirən futuristik bir silahı sınaqdan keçirir.
Radio Frequency Directed Energy Weapon (RFDEW) adlanan bu sistemin hər bir “atışı” cəmi 13 sentə (təxminən 0.22 AZN) başa gəlir. Böyük Britaniya Qərbi Uelsdə bu qabaqcıl texnologiyalı silahın ilk canlı sınaqlarını uğurla başa çatdırıb. RFDEW lazer əsaslı enerji silahlarından fərqli olaraq, yüksək güclü radio dalğalarından istifadə edərək dronların və raketlərin daxili elektronikasını zərərsizləşdirir.
Müasir döyüş şəraitində dronların rolu böyükdür və artıq onlarla sürü şəklində hücumlar təşkil etmək mümkündür. Bu vəziyyət lazer əsaslı silahların sürü şəklində hücumlara cavab verməkdə çətinlik çəkməsinə səbəb olur, çünki lazer silahları fərdi hədəflərə qarşı daha effektivdir. Lakin RFDEW bu sahədə üstün performans nümayiş etdirir. Sınaqlarda sistem 1 kilometr məsafəyə qədər bir neçə dronu aşkar edərək izləməyi və onları zərərsizləşdirməyi bacarıb. RFDEW-nin hər bir atışının cəmi 13 sentə başa gəlməsi sistemin iqtisadi cəhətdən səmərəliliyini göstərir. Üstəlik, yüksək avtomatlaşdırma səviyyəsinə malik olan sistemin bir nəfər tərəfindən asanlıqla idarə olunması onu gələcək hərbi əməliyyatlar üçün cəlbedici edir.
Sistem yalnız hava təhdidləri ilə məhdudlaşmır, həmçinin quru və dəniz üzərindəki təhlükələrə qarşı da effektiv olur. Bu çoxfunksionallığı RFDEW-ni müasir döyüş sahələrində çox yönlü bir vasitəyə çevirir. Hər hansı bir hərbi nəqliyyat vasitəsinə inteqrasiya edilə bilməsi isə onun istifadəsini daha da asanlaşdırır. RFDEW-nin inkişafında Thales rəhbərliyində QinetiQ və Teledyne e2v kimi önəmli müdafiə şirkətlərinin əməkdaşlıq etdiyi vurğulanır. Müdafiə naziri Maria Eagle bu yeni texnologiyanı “oyunu dəyişdirən” bir silah kimi təsvir edərək, ölkənin inkişaf edən təhdidlərə qarşı üstünlüyünü qorumaq üçün böyük bir addım adlandırıb. Bununla belə, sistemin aktiv əməliyyatlarda istifadəsi üçün əlavə sınaqlar və dəqiqləşdirmələr tələb olunur.