Google CEO-su Sundar Pichai-nin sözlərinə əsasən şirkətin axtarış sistemi 2025-ci ildə dərindən dəyişəcək. “Düşünürəm ki, siz, yeni imkanların Google axtarış sistemini necə dəyişə biləcəklərini görməkdən təəccüblənəcəksiniz” – deyə Sundar Pichai qeyd edib. Şirkət CEO-su söhbətin hansı dəyişikliklərdən getdiyi barəsində ətraflı məlumat verməyib. O bildirib ki, şirkət bu istiqamətdə olacaq dərin dəyişikliklərin hələ ilkin mərhələsindədir. “Mən sadəcə düşünürəm ki, irəlidə bizləri çoxlu innovasiyalar gözləyir” – deyə Pichai əlavə edib. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Microsoft-un CEO-su Satya Nadella bildirmişdi ki, Google süni zəka yarışında avtomatik qalib olmalı idi.
Belə ki, şirkət bunun üçün istənilən resursa və imkanlara sahibdir. Nadella-nın fikrincə nəticədə bu, baş vermədi. Sundar Pichai öz növbəsində Nadella-nın ilin əvvəlində olmuş bu bəyanatına indi cavab verib. “Mən böyük həvəslə öz süni zəka modellərimizi Microsoft-un süni zəka modelləri ilə müqayisə edərdim. Lakin onlar digərlərinin süni zəka modellərindən istifadə edirlər” – deyə Pichai qeyd edib. Bu bəyanatla Google CEO-su böyük ehtimal ilə Microsoft və OpenAI arasında olan əməkdaşlığa işarə edib. Qeyd etmək lazımdır ki, Google bu ilin əvvəlindən öz axtarış sisteminin irimiqyaslı dəyişikliyinə start verib. Şirkətin axtarış sistemində süni zəka sistemi vasitəsilə axtarış nəticələrinin qısa məzmunlarının təqdim edilməsi imkanı artıq reallaşdırılıb.