ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar. Faktiki olaraq bəzi şirkətlər ABŞ hökuməti tərəfindən yeniyetmələr də daxil olmaqla istifadəçilərin çoxlu sayda konfidensial məlumatlarının yığılmasında günahlandırılır. The New York Times-ın vermiş olduğu məlumata əsasən bu mövzuda Meta, TikTok və YouTube da daxil olmaqla 9 şirkət şübhə altına düşüb. Öz istifadəçilərinə xidmətlərini əsasən pulsuz təklif edən bu şirkətlər nəticə etibarilə reklamçılara satış istiqamətində istifadəçilərin məlumatlarını yığırlar və bunun üzərindən külli miqdarda vəsait qazanırlar.
Reklamçılar isə əldə edilmiş məlumatlar sayəsində konkret müştərilərinə hansı reklam elanlarının sərgilənməsini təyin edə bilirlər. Bununla yanaşı FTC-nin fikrincə bu şirkətlər yeniyetmələr də daxil olamqla öz istifadəçilərini lazımi səviyyədə qorumurlar. FTC bildirib ki, o bu mövzuda araşdırmasına demək olar 4 il bundan öncə start verib. Əsas məqsəd isə istifadəçiləri məlumatları sayəsində çox milyardlı reklam dövriyyələrinə sahib online platformaların tarixdə ilk dəfə qeyri-şəffaf iş praktikasının araşdırılması olub. FTC-nin fikrincə aparılmış araşdırma ABŞ federal qanunvericilik tərəfindən bu sahəyə ciddi nəzarətin olmasının vacibliyini və şirkətlər tərəfindən bəzi konfidensial məlumatların istifadəsi praktikasında məhdudiyyətlərin təyin edilməsini ortaya qoyur.
ABŞ-ın tənzimləyici orqanları artıq uzun illər ərzində sosial şəbəkələrin böyümə prosesində olan nəslin nümayəndələrində mental sağlamlığın pozulmasına səbəb olmalarından narahatdırlar. Lakin qanunvericilərin bu sahəni ciddi nəzarət altında almaları cəhdləri hələ ki, uğursuzluqla nəticələnib. FTC öz araşdırmasına 2020-ci ilin dekabr ayında start vermişdi. O, 13 platformaya sahib 9 şirkəti bu araşdırmaya daxil etdi. Komissiya öz nəticələrini bu şirkətlərin 2019-cu ildən 2020-ci ilə kimi olmuş fəaliyyətləri barəsində məlumatları analiz edərək ortaya çıxarıb. Araşdırma çərçivəsində komissiya əsas diqqətini məlumatların yığılması, istifadəsi və saxlanması üsullarına ayırıb.
FTC əsasən YouTube, TikTok, Facebook, Whatsapp, Instagram, Messenger, Twitch, Discord, Snapchat, Reddit və X (keçmiş Twitter) kimi platformalara fikir verib. Komissiya rəhbərliyi bu və ya digər şirkətin özəl məlumatların qorunması mövzusunda istifadəçilərin maraqlarını hansı səviyyədə pozduğu barəsində məlumat verməyib. FTC təyin edib ki, şirkətlər əlçatan olmayan bəzi istifadəçi məlumatlarını digər platformalar vasitəsilə əldə edib və hətta öz müştəriləri olmayan istifadəçilərin məlumatlarını alıblar. Bununla belə istifadəçilər öz məlumatlarının yığılmasının qadağan olunması imkanına sahib olmayıblar. Şirkətlər isə bəzi hallarda məlumatları istifadəçi ilə olan istifadəçi şərtlərində qeyd edilmiş müddətdən daha çox özlərində saxlayıblar.