Kaspersky-nin keçirdiyi qlobal sorğunun nəticələrinə görə, müxtəlif ölkələrdəki şirkətlərin 41%-i informasiya təhlükəsizliyi sahəsində ixtisaslı kadr çatışmazlığı ilə üzləşir*. Ən böyük çatışmazlıq informasiya təhlükəsizliyi təhdidləri üzrə ekspertlər və zərərli proqram analitiklərinin (hər biri 39%) sayında müşahidə olunur. Həmçinin SOC analitiklərinin (təhlükəsizliyin monitorinqi mərkəzlərinin əməkdaşları – 35%), təhlükəsizlik təhlili üzrə mütəxəssislərin (Pentest) və şəbəkə təhlükəsizliyi üzrə ekspertlərin (33%), eləcə də TI analitiklərinin (Threat Intelligence – 32%) nəzərəçarpacaq çatışmazlığı qeydə alınıb.
Sənaye kontekstində informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin çatışmazlığı ən çox dövlət sektorlarında müşahidə olunur ki, sorğu zamanı burada vakansiyaların demək olar ki, yarısı (46%) doldurulmayıb. Telekommunikasiya və media (39%), pərakəndə satış və səhiyyə (hər biri 37%) sahələrində də əhəmiyyətli kadr qıtlığı mövcuddur. Tədqiqatın aparıldığı ölkələrdə ən az açıq qalan vakansiya sayı İT (31%) və maliyyə (27%) sahələrində olub.
“Dünya üzrə informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə tələbat artır və Azərbaycan da istisna deyil. Təşkilatların İT infrastrukturları inkişaf edir, biznesin aktiv rəqəmsallaşması davam edir və bununla paralel olaraq kiberhücumların sayı artır. Biz müxtəlif sahələr üzrə mütəxəssislərə, o cümlədən SOC analitiklərinə, şəbəkə təhlükəsizliyi mühəndislərinə, həmçinin bulud infrastrukturunun mühafizəsi, zəifliklərin təhlili və sistem müdaxiləsi testi üzrə mütəxəssislər, həmçinin insidentlərə cavab verən mütəxəssislərə yüksək tələbat müşahidə edirik”, deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
* Sorğu Kaspersky-nin sifarişi ilə “Grand View Research” şirkəti tərəfindən Rusiya da daxil olmaqla 29 ölkədəaparılıb. Sorğuda aralarında IT direktorlar, təhlükəsizlik monitorinqi mərkəzlərinin (SOC) rəhbərləri, aparıcı mütəxəssislər, qrup rəhbərləri və müxtəlif səviyyələrdə təcrübəyə malik informasiya təhlükəsizliyi üzrə ekspertlərin olduğu ümumilikdə 1012 nəfər iştirak edib.