Kaspersky xəbərdarlıq edir: Parisdəki Wi-Fi bağlantı nöqtələrinin 25%-i təhlükəsiz deyil

Kaspersky mütəxəssisləri Yay Olimpiya və Paralimpiya Oyunları öncəsi Parisdə təxminən 25 000 pulsuz Wi-Fi nöqtəsini təhlil ediblər. Şəbəkələrin təqribən 25%-də şifrələmənin zəif və ya ümumiyyətlə mövcud olmadığı, nəticədə istifadəçilərin şəxsi və bank məlumatlarının oğurluğuna qarşı kövrək olduğu meydana çıxıb. Təhlilin nəticələrinə görə şəbəkələrin yalnız 6%-i ən son WPA3 təhlükəsizlik protokolundan istifadə edir.

Parisdə keçiriləcək Olimpiya Oyunları pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ilk dəfə baş tutacaq. Şəhərə minlərlə turist səfər edəcək. Kaspersky analitikləri ziyarətçilərin istifadə edə biləcəyi ictimai Wi-Fi şəbəkələrinin təhlükəsizlik xəritəsini tərtib edib və qiymətləndiriblər.

Parisdəki məşhur yerlərdən və Olimpiya məkanlarından* 47 891 siqnal qeydi təhlil edilib və 24 766 unikal Wi-Fi bağlantı nöqtəsi müəyyən edilib. Bu şəbəkələrin dörddə birində (25%) zəif və ya mövcud olmayan şifrələmə kimi ciddi təhlükəsizlik qüsurları aşkarlanıb ki, bu da onları ələ keçirilmək, deşifrələnmək və haker hücumlarına məruz qalmaq riski ilə üz-üzə qoyur.

Bundan başqa, demək olar ki, hər beş şəbəkədən biri (20%) ötürülən məlumatların asanlıqla ələ keçməsinə səbəb ola biləcək köhnəlmiş və asanlıqla sındırılan alqoritmə malik WPS-dən istifadə etməklə konfiqurasiya edilib. Təhlil edilən şəbəkələrin yalnız altı faizi ən son WPA3 təhlükəsizlik protokolundan istifadə edib.

“Wi-Fi şəbəkələri üzərindən ötürülən məlumatlar bir neçə üsul vasitəsilə təcavüzkarlar tərəfindən ələ keçirilə bilər və biz Olimpiadaya gedən hər kəsi bağlantı nöqtələrini seçməyə məsuliyyətlə yanaşmağa çağırırıq”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Onun sözlərinə görə, təcavüzkarlar məlumatları ələ keçirmək üçün qanuni şəbəkələrə oxşar adlarla saxta giriş nöqtələri yarada bilərlər.

“”Ortadakı adam” (Man-in-the-Middle) hücumlarından istifadə edən hakerlər istifadəçinin cihazı ilə giriş nöqtəsi arasındakı əlaqəyə müdaxilə edir, login və şifrələri ələ keçirir. Wi-Fi ruterin boşluqlarının istismarı onlara ötürülən məlumatlara icazəsiz giriş əldə etməyə imkan verir. Bundan əlavə, Wi-Fi üzərindən edilən fişinq hücumları istifadəçiləri saxta veb-saytlara yönləndirir, “sniffinq” (şəbəkənin sinlənməsi) isə maliyyə və digər həssas məlumatlar da daxil olmaqla, şifrələnməmiş trafiki toplamağa imkan verir”, – deyə Müşviq Məmmədov qeyd edir.

Kaspersky VPN Secure Connection” kimi virtual şəxsi şəbəkədən (VPN) istifadə ictimai Wi-Fi şəbəkələrinə daxil olanlar üçün əlavə təhlükəsizlik səviyyəsini təmin edir. VPN vasitəsilə bağlantı cihaz və internet arasında təhlükəsiz tunel yaradaraq internet bağlantısını şifrələyir. Bu şifrələmə kibercinayətkarların hətta təhlükəsiz olmayan şəbəkələrdə də məlumatları ələ keçirməsinin qarşısını alır. IP ünvanını gizlətməklə və ötürülən bütün məlumatları şifrələməklə VPN ictimai Wi-Fi-dan istifadə edərkən şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyini təmin edir.

İctimai Wi-Fi bağlantısından istifadə edərkən təhlükəsiz qalmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

  • Məxfi əməliyyatlardan çəkinin: ictimai Wi-Fi-da olarkən bank və ya digər həssas hesablara daxil olmayın.
  • Şəbəkəni yoxlayın: qoşulmaq istədiyiniz şəbəkənin həqiqətən müəyyən bir müəssisəyə (otel, restoran və s.) aid olduğundan əmin olun.
  • Yenilənməni təxirə salmayın: ən son təhlükələrdən qorunmaq üçün əməliyyat sisteminizi, proqramlarınızı və antivirus proqramını mütəmadi olaraq yeniləyin.

* Araşdırma aşağıdakı məkanlarda aparılıb: Zəfər tağı, Yelisey meydanı, Luvr muzeyi, Eyfel qülləsi, Notr-Dam kilsəsi, Sena çayı sahilləri, Trokadero, Stad de Frans.