Kaspersky Security for Business, Kaspersky Small Office Security və Kaspersky Plus həlləri 2023-cü ilin dördüncü rübündə SE Labs tərəfindən müstəqil sınaq nəticələrinə əsasən ən yüksək AAA reytinqi qazanıb.
Sınaqlar zamanı kibercinayətkarların real hücumlarına yaxın ssenarilərdən istifadə edilib. Təhdidlərin qarşısının alınması və aşkar edilməsində, habelə hücumların nəticələrinin yumşaldılmasında həllərin effektivliyi qiymətləndirilib. Hər üç Kaspersky həlli Protection Accuracy Rating (aşkarlama və qoruma dəqiqliyi) və Legitimate Accuracy Rating (yanlış müsbətlərin sayı) üzrə maksimum xallar qazanıb. Bu o deməkdir ki, onlar bütün təhdidləri müəyyən edərək bloklayıb, sınaq sisteminin təhlükəyə məruz qalmasının qarşısını alıblar. Eyni zamanda, həllər qanuni tətbiqləri və URL-ləri dəqiq müəyyən edib və bir dənə də olsun yanlış müsbət ötürməyib.
Nəticədə, təhlükəsizlik həlləri ümumi Total Accuracy Rating üzrə zərərli proqramlara qarşı 100% effektivlik nümayiş etdirərək, “Böyük biznesin mühafizəsi” (Enterprise), “Kiçik biznesin mühafizəsi” (Small Business) və “Fərdi istifadəçilərin qorunması” (Home) kateqoriyalarında birinci yeri tutaraq maksimum xal toplayıb.
“Zərərli proqram hücumları dünyada ən çox yayılmış kibertəhlükə növlərindən biri olaraq qalır və onların sayı və mürəkkəblik səviyyəsi artmaqda davam edir. Bununla belə, təhlükəsizlik həlləri də təkmilləşir, buna görə də təcavüzkarlar onlardan yan keçməyin yeni yollarını axtarırlar. Təcavüzkarlarla uğurla mübarizə aparmaq üçün təhlükəsizlik həllərinin tərtibatçıları yeni təhdidləri araşdırır, aşkarlama, mühafizə və reaksiya texnologiyalarının effektivliyini ölçür və onları daim təkmilləşdirir. Bu məqsədlə, Kaspersky uzun illərdir ki, SE Labs tərəfindən təşkil edilən sınaqlarda iştirak edir. Məhsullarımızın mütləq müdafiə effektivliyini və ən aktual təhdidlərə qarşı hazır olduğunu bir daha təsdiqləməyindən qürur duyuruq”, – deyə Kaspersky-nin kibertəhdidlərin tədqiqatı laboratoriyasının rəhbəri Vladimir Kuskov qeyd edir.
“Yeni kibertəhlükələrin meydana gəlməsini nəzərə alaraq sınaqlarda tətbiq etdiyimiz hücum ssenarilərini daim yeniləyirik. Sınaqlar zamanı biz həllərin nə dərəcədə effektiv işlədiyini və onların cari çağırışlara cavab verib-vermədiyini yoxlayırıq. Bu, satıcılara məhsullarını təkmilləşdirməyə kömək edir və istifadəçilər öz bizneslərini və ya ev cihazlarını qorumaq üçün ən etibarlı həlləri seçirlər. Kaspersky zərərli proqramlara qarşı 100% effektivlik nümayiş etdirərək əla nəticələrlə növbəti illik sınaqları başa vurub. Şirkətin sınaqlarımızda iştirak etməsi bizim üçün dəyərlidir. Sükanı belə saxlasınlar!”, – deyə SE Labs-ın təsisçisi və rəhbəri Simon Edvards öz növbəsində bildirir.
Kaspersky müntəzəm olaraq rüblük SE Labs sınaqlarında iştirak edir. 2023-cü ildə dörd rüblük sınaqların nəticələrinə əsasən, Total Accuracy Rating üzrə Kaspersky Security for Business və Kaspersky Small Office Security dörd araşdırmadan üçündə, Kaspersky Plus isə hər dördündə maksimal göstəricilərlə yadda qalıb.
Kaspersky həlləri haqqında ətraflı məlumatı Kaspersky Security for Business, Kaspersky Small Office Security və Kaspersky Plus səhifələrindən öyrənə bilərsiniz.