Yeni ilin ilk günlərini yaşayırıq və ilin pozitiv və faydalı olmasını istəyirik. Rəqəmsal məkanınızda iməclik keçirməyi təklif edirik, bununla ilin daha məhsuldar olmasını təmin edə bilərsiniz. “Kaspersky” mütəxəssisləri lazımsız faylları silmək, diqqəti yayındıran və qıcıqlandıran şeyləri aradan qaldırmaq və rəqəmsal vərdişlərinizi daha da sağlamlaşdırmaq üçün bəzi tövsiyələri bir araya toplayıb.
1. Lazımsız faylları silirik
Ən sadə şeydən başlayaq: artıq ehtiyac duymadığınız faylları silmək. Bunlar, ana ekrandakı fayllar, yüklənmiş faylların olduğu qovluqlar ola bilər. Köhnə sənədlər, uzun müddət öncə silinmiş proqramların quraşdırma faylları, saxlanılan ekran görüntüləri – demək olar ki, artıq onlara ehtiyacınız yoxdur və bütün bunlar cihazın yaddaşını boşaltmaq üçün silinə bilər.
Böyük faylları avtomatik axtarmaq üçün “Kaspersky” tətbiqinin “Performans” bölməsində yerləşən “Böyük fayllar” funksiyasından istifadə edə bilərsiniz. Minimum ölçüsü və axtarış yerini – bütün kompüteri və ya seçilmiş qovluqları – göstərməklə qısa müddət ərzində həcmi müəyyən edilmiş həddən böyük olan faylların tam siyahısını alacaqsınız. Sonra onları toplu və ya fərdi olaraq silə bilərsiniz.
Yükləmələrin olduğu qovluğu təkcə kompüterinizdə deyil, əgər varsa, smartfon və planşetinizdə də təmizləməyi unutmayın.
2. E–poçt və messencerləri təmizləyirik
Rəqəmsal təmizləmədə növbəti vacib addım e-poçt və messencerlərin təmizliyi ilə məşğul olmaqdır. Bu, kompüter, planşet və ya smartfonda yazışmaların tutduğu yerin həcmini azaltmağa kömək edəcək və ən əsası təmizləndikdən sonra messencer və poçtdan istifadə etmək daha asan və rahat olacaq. İlk olaraq nə etməlisiniz:
- Oxunmamışları oxuyun. Tətbiq ikonasının üstündəki qırmızı dairədə olan bu rəqəmlər həqiqətən bizi çox əsəbiləşdirir və gələn mesajlarla vaxtında məşğul olmağa mane olur. Buna görə vacib bir şeyi gözdən qaçıra, prioritetləri səhv təyin edə, son tarixləri səhv sala, görüşü qaçıra bilərsiniz və s. Bütün oxunmamış məktubları və mesajları tədricən oxumağa çalışın.
- Lazımsız poçt göndərişləri və messencer kanallarına abunəliyi dayandırın
- Messencerlərdəki köhnə söhbətləri silin
- Böyük qoşmaları olan e-poçtları silin. Ən asan yol “Gmail” vasitəsi ilədir – buna görə də 10 MB-dan böyük olan bütün məktubları tapmaq üçün axtarış zolağına 10000000 daxil etmək kifayətdir.
- Spam qovluğunu təmizləyin
3. Köhnə ünvan bölmələrini bağlayırıq
İllərlə olmasa da, aylarla açıq qalan köhnə ünvan bölmələri (tab) nəinki cihazlarınızın yaddaşını yeyir, həm də lazım olan məlumatı tapmağı çətinləşdirir. Bundan əlavə, bölmələrin çoxluğu brauzerin yenilənməsi üçün ciddi maneə törədə bilər və bu, yeri gəlmişkən, təhlükəsizlik baxımından ən vacib “gigiyenik prosedurlardan” biridir.
Brauzerinizdə bütün lazımsız ünvan bölmələrini bağlayın, nəticədə açıq səhifələr arasında vacib olanları tapmaq daha asan olacaq. Həmçinin brauzerinizin keş yaddaşını da təmizləyə bilərsiniz. Əgər əvvəllər bunu etməmisinizsə, onun nə qədər yer tutduğunu gördükdə təəccüblənəcəksiniz. Brauzerdə quraşdırılmış bütün əlavələri nəzərdən keçirmək də faydalı olacaq, yəni istifadə etmədiklərinizi silməyin vaxtıdır.
4. Lazımsız abunəlikləri ləğv edirik
Demək olar ki, hər bir onlayn xidmət indi bu və ya digər ödənişli abunəlik seçimini, hətta birdən çoxunu təklif edir. Lazımsız abunələri ləğv etməyin maliyyə tərəfdən birbaşa faydası var. Bununla belə, onları ləğv etmək o qədər də sadə məsələ deyil: bütün abunəliklərinizi yadda saxlamalı, onlar haqqında məlumat toplamalı və qaydaya salmalı, nəyin nə olduğunu anlamalısınız və yalnız bundan sonra hansı abunəliyi ləğv etməyin yararlı olduğunu başa düşəcəksiniz. Abunəlikləri idarə etmək üçün xüsusi proqramdan istifadə edə bilərsiniz, məsələn, SubsCrab. O, bütün abunəlikləriniz haqqında məlumatı qaydaya salmağa, aylıq xərcləri hesablamağa, təqvim yaratmağa, ödəniş günləri barədə əvvəlcədən xəbərdar etməyə, müəyyən abunəliyi ləğv etmək üçün nə edəcəyinizi bildirməyə və hətta abunəliyin yenilənməsi üçün alternativ seçimləri və ya aksiya kodları və endirimləri təklif etməyə kömək edəcək.
5. İstifadə edilməyən tətbiqlərdən qurtuluruq
Şübhəsiz ki, smartfonunuzda bir ildən çox istifadə etmədiyiniz və ya bəlkə heç ”üzünə baxmadığınız” tətbiqlər var. Onlar yalnız cihazın yaddaş həcmini azaltmır, həm də yavaş-yavaş internet trafikini və batareya enerjisini də tükədirlər.
Gündə ən azı bir istifadə edilməyən tətbiqi silsəniz, bir-iki ay ərzində onlardan qurtulacaq və smartfonunuzun əsas ekranında səliqə-səhman hökm sürəcək.