2020-ci ildə müəyyən sayda istifadəçi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırmışdı. Səbəb isə Google Chrome brauzerindəki Incognito rejimində idi. Belə ki, istifadəçilər şirkəti sözügedən brauzerdəki Incognito rejimi çərçivəsində də istifadəçilərin məlumatlarının yığılmasında günahlandırmışdı. Məhkəmə iddiasını qaldırmış şəxslər Chrome brauzerindəki Incognito rejimini aktivləşdirmiş milyonlarla istifadəçiyə təzminatın ödənilməsini tələb edirdilər.
Söhbət, hər bir şəxs üçün 5000$ məbləğdən gedir. Ümumilikdə isə 5 milyard dollar təzminat. Google öz növbəsində bu iddialar ilə heç razı deyil idi və qeyd edirdi ki, o, istifadəçilərin məlumatlarının yığılması mövzusunda onları məlumatlandırıb. Belə ki, hər dəfə Incognito rejiminin aktivləşdirilməsi zamanı bildiriş ortaya çıxırdı ki, brauzer bu rejim çərçivəsində istifadəçilərin əməliyyatlarını özündə saxlamasa da, həmin əməliyyatlar istifadəçilərin daxil olmuş olduqları saytlara görünə bilərlər.
Nəticədə Google sözügedən məhkəmə iddiasının ləğv edilməsinə çalışdı. Bu ilin avqust ayında isə məhkəmə hakimi şirkətin bu cəhdini rədd etdi və məhkəmə iddiasına baxılma prosesi başladı. İndi isə məlum olub ki, Google məhkəmə iddiasını qaldırmış şəxslərlə razılığa gəlmək qərarını verib. Tərəflər arasında razılığın hansı şərtlər altında əldə ediləcəyi bilinmir. Şərtlərin yanvar ayının sonunda təqdim olunacağı və onların məhkəmə vasitəsilə fevral ayında təsdiqlənəcəkləri gözlənilir.