Dostunuza hədiyyə almaq istəyirsiniz? Cihazları təcavüzkarlar və digər xoşagəlməz hallardan qoruyan qadcetlər barədə düşünün

Öncəki tövsiyələrimiz övladınıza Yeni il üçün hədiyyə etmək qərarına gəlsəniz, ilk qadceti seçərkən hansı məqamlara diqqət etmək haqqında idi (baxmayaraq ki, bu tövsiyələr bütün il boyu aktualdır). Bu yazıda isə böyüklər üçün hədiyyə ideyalarını – məlumatlarınızı qorumağa kömək edəcək cihazlarını paylaşırıq.

Konnektorlar üçün port kilidləyiciləri

Əsas fiziki təhlükəsizlik problemlərindən biri konnektorlardır. İstənilən şəxs, məsələn, cihaz keyloggeri, içində zərərli proqramlar olan USB daşıyıcını və ya öz kompüterini qoşa bilər və bunun qarşısını almaq çətindir, çünki konnektorlar sözün əsl mənasında hər yerdədirlər.

Çətindir, amma mümkündür: kompüterinizdə olan demək olar ki, istənilən konnektoru – USB (istənilən növ, o cümlədən USB-C), 8P8C (istehsalçının saytında RJ-45 adlanır) və 6P6C (xalq arasında RJ-11 adlanır), SFP və QSFP, DB-9 və DB-25 seriya portları, yaddaş kartı yuvaları, displey konnektorları və s. – qorumağa kömək edən xüsusi bloklayıcılar var.

Üstəlik, boş portlar üçün kilidləyicilərə əlavə olaraq, daim istifadə olunan konnektorlar üçün bloklayıcı seçimləri də var. Onlar hər hansı bir şeyi kompüterdən və ya məsələn, ruterdən (oğurluq və ya dəyişdirmə məqsədi ilə) fiziki olaraq ayırmaqdan qoruyurlar.

Oxşar qurğular arasında USB konnektorunu kilidləməyə və USB daşıyıcını sözün əsl mənasında nəyəsə “zəncirləməyə” imkan verən qurğuları da xatırlaya bilərik. Bu cür qurğular, əlbəttə ki, məqsədini bilən oğrudan qorumayacaq, lakin onlar yoldan keçən kiminsə əlinin bircə hərəkəti ilə USB daşıyıcını götürüb sürətlə cibinə qoyub aradan çıxmasının qarşısını alacaq.

Cihaz oğurluğundan qorunmaq üçün “Kensinqton kilidi”

Kompüter texnikası üçün oğurluğa qarşı qurğular sistemi, başqa sözlə “Kensinqton kilidləri” mövcuddur. Onlara tez-tez noutbuklarda, iş masalarında və monitorlarda rast gəlmək olar.

Təəssüf ki, “Kensinqton kilidi”nin oğurluğa qarşı 100% qorunma təmin etdiyini söyləmək olmaz – xüsusi bir alətiniz varsa, onun öhdəsindən asanlıqla gəlmək olar. Lakin o, hazırlıqsız cinayətkarlar üçün avadanlıq oğurluğunu bir qədər çətinləşdirir. Yəni oğurluq fikri cinayətkarın elə yerindəcə ağlına gələndə “Kensinqton kilidi” xüsusilə fürsətçi oğurluqlardan yaxşı qoruyur. Yeri gəlmişkən, “Apple” texnologiyasının kifayət qədər müddətdir “Kensinqton kilidləri” üçün yuvalar hazırlamamasına baxmayaraq, “MacBook” və “iMAC”lar üçün bu imkanı əlavə edən xüsusi qurğular var.

Casusluqdan qorunmaq üçün polarizasiya ekranları

Kiminsə sizin və ya işçilərinizin çiyninin üzərindən cihazınızı “nəzarət altına” almasından narahatsınızsa, sizə yaxşı xəbərimiz var – bunun üçün də həll yolu mövcuddur. Bu məqsədlə xüsusi polarizasiya ekranlarından istifadə olunur. Bu ekranlar baxış bucaqlarını əhəmiyyətli dərəcədə azaldır ki, bu cür süzgəclə qorunan displeydə təsviri yalnız onların birbaşa qarşısında oturanlar görə bilsinlər. Belə polarizasiya ekranları təkcə noutbuklar üçün deyil, smartfon və planşetlər üçün də mövcuddur.

Bütün növ və ölçülərdə “Faradey qəfəsləri”

Müasir dünyada simsiz texnologiyalardan və onları müşayiət edən təhdidlərdən, məsələn, məlumatların tamamilə təmassız şəkildə ələ keçirilməsi, retranslyasiya hücumları, radiosiqnal üzərindən izləmə, hətta güclü elektromaqnit impulsundan istifadə edərək məlumatların məhv edilməsindən qaçmaq mümkün deyil. Bununla belə, elektromaqnit şüalarının qarşısını almağa kömək edən və müvafiq olaraq bu cür təhlükələrdən qoruyan “Faradey qəfəsləri” var.

Burada “qəfəslər” şərti addır: əslində bunlar nəyi qoruduğunuzdan – xarici təsirlərdən portativ sərt diski, retranslyasiya hücumlarından təmassız kartı, mobil şəbəkə qüllələri üzərindən izləmələrə qarşı telefonu və s. – asılı olaraq adətən “Faradey zərfləri”, “Faradey cüzdanları”, “Faradey çantaları” və adlanır.

Satışda hazır məhsullarla yanaşı, “Faradey parçası” da tapa bilərsiniz. Ondan müstəqil olaraq sizə lazım olan istənilən ölçülü və formalı qorunan konteyner hazırlaya bilərsiniz.

Casusluqdan qorunmaq üçün veb-kamera pərdələri

Zərərli proqram və veb-kamera vasitəsilə istifadəçilərə qarşı casusluq edən veb-saytlarla bağlı problem heyrətləndirici müntəzəmliklə ortaya çıxır. Əlbəttə ki, bu problemin öhdəsindən gəlməyin proqram üsulları var, lakin 100% sakitlik hiss etmək üçün məsələyə köklü şəkildə yanaşa və sadəcə olaraq “kameranın gözünü” fiziki olaraq bağlaya bilərsiniz. Bir neçə il əvvəl Mark Zukerberqin özü də bu məsələyə diqqət çəkmişdi. Məlum olub ki, o, öz “MacBook” kompyuterində təkcə veb-kameranı deyil, hətta mikrofonu belə örtür.

İzolent əvəzinə daha zərif bir həll istifadə edə bilərsiniz: veb-kameraya yapışan xüsusi bir pərdə. Bu, əlinizin bir hərəkəti ilə yad baxışlardan etibarlı şəkildə qorumağa imkan verir. Əgər kameraya ehtiyac yaranarsa, onu əlin eyni hərəkəti ilə istifadəyə qaytara bilərsiniz. Bu cür pərdələri hər hansı bir onlayn bazarda cüzi bir məbləğ qarşılığında asanlıqla tapmaq olar.

“Windows”un avtomatik kilidlənməsi üçün Bluetooth nişanları

Bir çox insanların iş yerindən çıxarkən kompüterlərini kilidləmək vərdişi yoxdur. Əlbəttə ki bunu etmək faydalıdır – sürətli bir başlanğıc olaraq, işçilərə kompüteri mümkün qədər asan və tez bloklamaq üçün bir neçə yol haqqında danışmağa dəyər. Amma özünü tam sığortalamaq üçün keçən il “Windows” 10 və 11-də çıxan dinamik kompüter kilidindən istifadə edə bilərsiniz.

Bu funksiya “dinamik bloklama” adlanır. O, Bluetooth-dan istifadə edir və qoşulmuş cihaz bağlantıdan qoparsa, kompüterinizi avtomatik kilidləməyə imkan verir. “Microsoft”un fikrincə, belə qurğular kimi smartfonlardan istifadə edilməlidir. Ancaq bir çatışmazlıq var: insanlar hələ də iş yerini tərk edərkən həmişə onları özləri ilə aparmırlar.

Buna görə də, bəzi hallarda smartfonlar əvəzinə xüsusi tokenlərdən – məsələn, açar dəstinə əlavə oluna bilən kiçik nişanlardan istifadə etmək daha rahatdır. Çox vaxt belə tokenlər eyni zamanda iki istiqamətdə təhlükəsizliyi artırmağa imkan verən ikifaktorlu autentifikasiya cihazı kimi də işləyir. Bu cür cihazların bir neçə nümunəsini buradan görə bilərsiniz.

“Hansı cihazı hədiyyə etməyinizdən asılı olmayaraq, unutmayın: yalnız təhdidlər barədə məlumatlı olmaq özünüzü mümkün qədər qorumağa kömək edəcəkdir. Tövsiyələrimiz bütün istifadəçilər üçün uyğundur. Lakin şirkət işçilərinin məlumatlarının təhlükəsizliyinə gəldikdə, onların rəqəmsal savadlılığının lazımi səviyyədə saxlanılması, təhdidlərin haradan gələ biləcəyini başa düşmələri və insident barədə kimə məlumat verməli olduqlarını bilmələri vacibdir. Buna görə də, təşkilatlara potensial təhdidlər və onlara qarşı necə mübarizə aparmaq barədə işçilərin məlumatlılığını artırmağı tövsiyə edirik. Məsələn, informasiya təhlükəsizliyi üzrə təlim keçirmək üçün Kaspersky ASAP platformamızdan istifadə edə bilərsiniz”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.