“Bebras” – İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

Şagirdlər üçün “Bebras” – İnformatika və Alqoritmik düşüncə yarışmasına bu gün – 4 dekabr tarixində start verildi. Müsabiqə PAŞA Bankın sponsorluğu və ÖzünÖyrənin təşkilatçılığı ilə keçirilir. Müsabiqə dekabr ayının 10-da yekunlaşacaq.

Müsabiqənin elə ilk saatlarında 200-dən çox şagird iştirak etmişdir. Onlar Bakı şəhəri, Bərdə, Cəlilabad və İsmayıllı rayonundan müsabiqəyə qoşulmuş məktəblərin şagirdləridirlər.

Həmin məktəblərdən Binəqədi rayonu, N.Babayev adına 144 nömrəli tam orta məktəbin İnformatika müəllimi Lütviyyə Yolçuyeva məktəblilərin Bebras müsabiqəsinin təşkil olunmasına sevindiklərini bildirdi: “144 nömrəli tam orta məktəb olaraq biz rə Bebras müsabiqəsində iştirak edəcəyimiz üçün həyəcanlı və sevincliyik. Bebras şagirdlərin informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə də bilik və bacarıqlarənı inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Şagirdlər bu istiqamətdə özlərini inkişaf etdirmək üçün maksimum çalışırlar”.

S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyadan ilk iştirak edən sinif 5c sinfi oldu. Məktəbin koordinatoru Nübar Əsədova: “Şagirdlər üçün müsabiqə olduqca maraqlıdır. Çox böyük həvəs və maraqla tapşırıqlara kökləniblər” – deyə təəsüratlarını bölüşdü.

Ümumiyyətlə 2023-cü ildə “Bebras” yarışmasında iştirak etmək üçün 270 məktəbdən koordinatorlar qeydiyyatdan keçmişlər. Bu siyahı Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edir. Həm məktəblərin, həm də şagirdlərin qeydiyyatı müsabiqə boyu davam edəcəkdir. Gündəlik statistika Bebras müsabiqəsinin Facebook səhifəsində hər günün sonunda paylaşılacaq. Müsabiqə dekabrın 10-na qədər davam edəcəkdir.

Qeyd edək ki, bu il müxtəlif ali təhsil müəssisələrinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan 150-ə yaxın bakalavr tələbəsi də təcrübə toplamaq üçün bu müsabiqəyə cəlb olunublar. İnformatika olimpiadaları üzrə tanınmış ekspert, Etibar Seyidzadə: “İnformatika müəllimliyi üzrə təhsil alan tələbələrin bu müsabiqəyə cəlb olunması gələcəkdə şagirdlərin beynəlxalq yarışlarda uğur qazanması üçün müsbət addımdır. Belə ki, gələcəyin informatika müəllimləri indidən təcrübə toplayaraq gələcəkdə öz şagirdlərini informatika üzrə beynəlxalq müsabiqələrə hazırlama vərdişlərinə yiyələnəcəklər”.

Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışması şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı 2-10-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli məsələləri həll edir. Rəqabət həyəcanından başqa, “Bebras”, iştirakçılara çoxsaylı üstünlüklər vəd edir. O, koqnitiv bacarıqları artırır, problem həll etmə bacarıqlarını təkmilləşdirir və hesablama anlayışlarını daha dərindən başa düşməyə kömək edir – bu bilik və bacarıqlar informasiya əsrində dəyərli bacarıqlardır.

Binəqədi rayonu, 83 saylı məktəb-liseyin 8a sinif şagirdi Şahbazlı Fərid: “Bu müsabiqə mənim üçün çox maraqlı və maarifləndirici idi. Azərbaycanımızın da digər ölkələrlə yanaşı bu müsabiqədə iştirakı mənim üçün fəxrdir. Öz məktəbimizi təmsil etdiyim üçün sevincliyəm”.

“Bebras” müsabiqəsinin başlanğıcı 2004-cü ildə qoyulub və hər il dünyanın bir çox ölkəsində yüz minlərlə şagird iştirak edir. Bu siyahıya ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Cənubi Koreya, Kanada, Çin, Estoniya, Finlandiya, Fransa, Hindistan, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Türkiyə, Yaponiya, Yeni Zelandiya və digərləri də olmaqla 70-dən çox ölkə daxildir. Azərbaycan da bu müsabiqədə 2013-2016-cı illərdə aktiv şəkildə iştirak etmişdir. Müsabiqə onlayn şəkildə keçirilir. Ona görə də ölkənin istənilən nöqtəsində şagirdlər bu müsabiqəyə asanlıqla qoşula bilərlər.

Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri http://www.bebras.az veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçə bilərlər. Qeydiyyat müsabiqə bitənə qədər davam edəcək. Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqədə ən yüksək bal toplamış şagirdlər, 2024-cü ildə keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.