Hər yerdə eyni şifrədən istifadə etsəniz və ya sadə və qısa versiyalarla kifayətlənsəniz, hesabınız gec-tez sındırıla bilər. Uzun simvol ardıcıllığından ibarət mürəkkəb şifrələri yadda saxlamaq çox çətindir. Bəs şifrələrdə emojilərdən (smaylik) istifadə etmək olar? Məsələn, sosial şəbəkələrdəki söhbətlər və postlarda sağa-sola səpələdiyimiz smayllar (😁) və digər işarələr (🔐). “Kaspersky” şifrənizdə emojilərdən istifadə qaydasını izah edir.
Şifrələrdə emojilərin üstünlüyü nədir?
Emojilərin sayı çoxdur, ona görə də şifrə iki dəfə qısa ola bilər. Təcavüzkarlar hərflər, rəqəmlər və durğu işarələrindən ibarət şifrəni təxmin etməyə çalışdıqda, şifrənin hər simvolu üçün yüzə qədər versiyanı sınamalıdırlar. Ancaq “Unicode”da 3600-dən çox standartlaşdırılmış emoji var və şifrəyə onlardan birini əlavə etsəniz, hər bir simvol üçün ortalama 3700 təxmin cəhdi edilməlidir. Beləliklə, beş fərqli smaylikdən ibarət şifrə mürəkkəbliyi baxımından doqquz simvoldan ibarət adi şifrəyə bərabərdir, yeddi emojidən ibarət şifrədə isə söhbət daha da ciddiləşir, yəni 13 simvoldan ibarət adi şifrə kimi sındırılması çətin bir birləşmə olur.
Emojiləri yadda saxlamaq daha asandır. Mənasız hərf və rəqəm qarışıqlığı əvəzinə məntiqli cümlə qura və onun əsasında emoji rebusu (tapmacası) yarada bilərsiniz. Bunun üçün “Yandex” emoji tərcüməçisindən və ya çatbotdan, məsələn “ChatGPT”dən istifadə edə bilərsiniz.
“Yandex” emoji tərcüməçisi və ya “ChatGPT” müəyyən edilmiş mövzu əsasında emojilərdən ibarət şifrə-rebus yaratmağa kömək edəcək.
Hakerlər emojiləri təxmin edə bilmirlər. Şifrələri sındırmaq üçün istifadə edilən müxtəlif haker alətləri və lüğətlər söz və rəqəm kombinasiyalarını, “E1iteP4$$w0rd” kimi məşhur əvəzetmələr nəzərə alır, lakin emojilər (hələ ki?) diqqətdən kənardadır. Oğurlanmış şifrələr bazasının təhlili zamanı belə 👁️🐝🍁👁️🥫🪰 (“I believe I can fly”) şifrəsi olan hesabınız yəqin ki sındırıla bilməyəcək.
Bütün bunlar cəlbedici səslənir, lakin emojilərin yer aldığı şifrələrin təəssüf ki, çatışmazlıqları da var və onları da bilmək vacibdir.
Şifrəyə emoji əlavə etməyin zərəri nə ola bilər?
Bütün xidmətlər emoji şifrələrini qəbul etmir. “Kaspersky” mütəxəssisləri eksperiment keçirərək bir neçə standart smaylikdən ibarət şifrə ilə hesab yaratmağa çalışıblar. Məlum olub ki, emoji şifrəsi nə “Microsoft/Outlook”, nə də “Google/Gmail”də daxil edilə bilməz. Amma eyni şifrə “Dropbox” və “OpenAI” ilə qeydiyyatdan keçərkən heç bir əngəllə üzləşməyib. Ümumiyyətlə, emoji şifrələrini sınaqdan keçirməlisiniz.
Hər xidmət emojilərdən ibarət şifrəyə yaşıl işıq yandırmır.
Emoji parolunun işləyib-işləmədiyini dərhal yoxlamaq lazımdır. Emojilərdən şifrə yaratmaq mümkündür, amma hesaba daxil olarkən o, işə yaramaya bilər.
Emojiləri yazmaq daha çətindir. Smartfonlarda emojini daxil etmək çox asandır. Ancaq masaüstü kompüterlərdə bəzi kiçik çətinlikləri gözə almaq lazımdır, lakin onların öhdəsindən gəlmək olar. Hər bir halda, lazımi emoji uzun bir siyahıda tapılmalı, bir neçə oxşar işarə arasından məhz nəzərdə tutulanı seçməyə diqqət yetirilməlidir. Çarpaz platformadan istifadə etdiyiniz xidmətlər üçün həm kompüterinizdə, həm də smartfonunuzda eyni emoji şifrəsini daxil edə biləcəyinizi yoxlamağı unutmayın.
Ən son istifadə olunan emojilər sizi ələ verə bilər. Bir çox smartfon klaviaturaları emoji siyahısının əvvəlində tez-tez istifadə olunan emojiləri göstərir. Bu məlumat internetdəki hakerlər üçün bu faydalı məlumat deyil, lakin dostlar və ya qohumlar şifrənizi asanlıqla təxmin edə və ya ələ keçirə bilərlər. İstifadə etdiyiniz son emoji hər şeylə maraqlanan birinə sizin haqqınızda çox şey deyə bilər.
Emoji ilə necə şifrə yaratmaq olar
Ağlabatan bir kompromis kimi şifrənizi daha da mürəkkəbləşdirmək üçün ona bir və ya iki smaylik əlavə etmək olar. Sonra da şifrənin qalan hissəsini “həftəbecərə” çevirmədən ənənəvi əlifba ilə yaza bilərsiniz. Əlbəttə ki, emojilərdən istifadə digər təhlükəsizlik məsləhətlərini əvəz etmir – uzun şifrələr, şifrə meneceri və ikifaktorlu autentifikasiyadan istifadəyə davam edin. Yeri gəlmişkən, “Kaspersky”nin şifrə meneceri həm emoji şifrələri saxlamaqda, həm də iki faktorlu kodlar yaratmaqda qüsursuzdur.
Emoji şifrələri necə daxil etmək olar
Emoji daxil etməyiniz cihazınızdan və əməliyyat sistemindən asılı olaraq dəyişir. Smartfonlarda bunun üçün xüsusi klaviatura bölməsi var, kompüterlərdə isə bu seçimlərdən birini istifadə edə bilərsiniz:
- Windows 10 və ya 11-də istənilən daxiletmə sahəsində emoji cədvəlini açmaq üçün “Win” və nöqtə düymələrini eyni anda sıxın. Həmçinin, bir çox digər sahələrdə də Win + “;” düymələr kombinasiyası işləyir.
- “MacOS”da emoji cədvəli istənilən proqramda Redaktə et → Emoji və Simvollar menyusunda mövcuddur. Klaviaturanızda həmin siyahını açmaq üçün eyni anda Command, Control və boşluq düymlərini basın.
- “Ubuntu Linux”da, 18-ci versiyadan başlayaraq, siz daxiletmə sahəsində siçanın sağ düyməsini klikləyərək və kontekst menyusundan “Insert Emoji” (emoji daxil et) funksiyasını seçərək emoji daxil edə bilərsiniz. “Windows”da olduğu kimi klaviaturadan daxil etmək üçün “Win” və nöqtə düymələrini eyni anda basa bilərsiniz.
- Simvolun koduna uyğun daxil edin. Bu, yavaş və darıxdırıcı prosesdir, lakin təkcə emojini deyil, istənilən “Unicode” simvolunu daxil etməyin etibarlı yoludur. Əvvəlcə cədvəldə istədiyiniz simvolun kodunu tapmalı və sonra xüsusi düymələr birləşməsindən istifadə edərək onu daxil etməlisiniz. “Windows”da bunu etmək üçün “Alt” düyməsini sıxaraq köməkçi (yan) rəqəmli klaviaturadakı siyahıdan on simvollu kodu daxil etməlisiniz. Digər əməliyyat sistemləri üçün proses burada ətraflı təsvir edilib.
- Emoji şifrələrini daxil etməyin ən asan yolu onları “Kaspersky Password Manager”də saxlamaq və avtomatik olaraq tələb olunan sahələrə daxil etməkdir.