1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə bir sıra mühüm işlər görüb. Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb. Eyni zamanda, ötən ilin avqust ayından etibarən Azercell respublikanın müxtəlif regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb. Təkcə Naxçıvan Muxtar Respublikasında lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində Azercell-in internet trafikinin həcmində 30% -dən çox artım müşahidə edilib.
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.