Bir neçə gün bundan öncə Google şirkəti öz servislərinin konfidensiallıq siyasətlərini yenilədi. Yenilənmələr kiçik olsalar da onlardan biri mütəxəssislərin diqqətlərini öz üzərinə çəkə bilib. Həmin yenilənmədə Google istifadəçilərin internetdə özləri barəsində paylaşdıqları məlumatları necə istifadə edə biləcəyi barəsində danışıb. Google saytının ingilis dilli versiyasında qeyd edilib ki, Google yığılan məlumatları öz servislərinin yaxşılaşdırılması üçün istifadə etmək niyyətindədir. Məsələn istifadəçi barəsində açıq şəkildə yerləşən məlumatlar süni zəka əsaslı dil modellərinin təlimatlandırılmasında və ya şirkətin digər servislərinin təkmilləşdirilməsində istifadə edilə bilər.
Görünür, şirkət təkcə öz servisləri çərçivəsində deyil, internetin istənilən yerindən istifadəçi barəsində məlumatın əldə edilməsi və istifadəsi hüququnu özünə qazandırır. İstifadəçilər bir qayda olaraq başa düşürlər ki, onların özləri barəsində internetdə paylaşdıqları məlumatlar açıq şəkildə yerləşirlər. Lakin indi aydındır ki, həmin məlumatlar internetdə açıq şəkildə yerləşmədən əlavə həmçinin kommersiya məqsədləri üçün də istifadə ediləcək. Mütəxəssislərin fikirlərinə əsasən Google şirkətinin bu yeni siyasəti müxtəlif kontentlərə olan müəllif hüquqları ilə bağlı qalmaqallara səbəb ola bilər.