Gizmodo, Kotaku, Quartz, Jezebel və Deadspin kimi saytların sahibi olan G/O Media internet şirkəti adları sadalanmış bu saytlarda süni zəka tərəfindən tərtib edilmiş kontentlərin yerləşdirilməsi üzrə testlərin aparıldığını elan edib. Saytların əməkdaşlarına göndərilmiş məktubda G/0 Media-nın redaksiya direktoru Merrill Brown bildirib ki, bu xəbər əslində heç də təəccübləndirməməlidir. Belə ki, media biznesin demək olar bütün təmsilçiləri süni zəkadan istifadə imkanlarını nəzərdən keçirirlər. Məlumatda qeyd edilib ki, reallaşdırılacaq test çərçivəsində əsasən şirkətin siyahılar və müəyyən növ məlumatlar üzrə fəaliyyət göstərən saytları üçün məqalələrin hazırlanması reallaşdırılacaq.
Merrill Brown bildirib ki, süni zəka yazıçıları və redaktorları əvəz etməyəcək. “Əgər biz bu növ kontentləri düzgün və miqyaslı şəkildə tərtib edə bilsək, süni zəka axtarış və irəli çəkmə faktorları sayəsində bizim istifadəçi kütləmizi artıra biləcək” – deyə Merrill Brown qeyd edib. G/O Media şirkətinin əməkdaşlarının maraqlarını qoruyan ittifaq bildirib ki, o bu xəbərdən sözün əsl mənasında şoka düşüb. Gizmodo və Kotaku saytlarının əməkdaşları da şirkətin bu qərarına etirazlarını bildiriblər. Gizmodo-nun jurnalistlərindən biri olan Lin Codega-nın sözlərinə əsasən süni zəka onu əvəz etmək əvəzinə əksinə onun işini daha da dəyərsiz hala salacaq. Əməkdaşlar bildiriblər ki, bu, süni zəkanın jurnalistika sahəsinə artıq indidən təsir etməsini sərgiləyən hadisədir.