Analitiklər Apple şirkətinin bazar dəyərinin 3 trilyon dollara çatacağını gözləyirdilər və bu, baş verdi. Keçən ayın son günündə ABŞ birjasında olmuş səhm satışları nəticəsində Apple şirkətinin bazar dəyəri 3 trilyon dolları keçdi. Ümumilikdə şirkətin bazar dəyəri bu ilin əvvəlindən 983 milyard dollar yüksəlib. 30 iyun tarixində baş tutmuş səhm satışları zamanı şirkətin səhmlərinin dəyəri 2.3% yüksələrək bir səhm üçün 193.97$ oldu. Satışların yekunlaşdırılmasından sonra isə səhmlərin dəyəri daha 0.17% yüksəldi.
Nəticədə şirkətin bazar dəyəri 3.03 trilyon dollar təşkil etdi. Hal hazırda isə şirkətin bir səhminin qiyməti 192.46$-a düşüb. Qeyd etmək lazımdır ki, Apple 3 trilyon dollarlıq bazar dəyəri göstəricisinə hələ bu ilin yanvar ayında çatmağı hədəfləmişdi. Lakin həmin vaxta buna nail olmaq mümkün olmadı. Dünyanın ən bahalı şirkəti statusunu Apple ilk dəfə 2011-ci ildə qazanmışdı. Həmin ildə şirkətin bazar dəyəri 340 milyard dollar təşkil etmişdi.
2018-ci ilin ortasında isə onun bazar dəyəri 1 trilyon dollar təşkil etdi. 2020-ci ilin avqust ayında şirkətin bazar dəyəri artıq 2 trilyon dollar idi. Həmin vaxtda Apple 2 trilyon dollarlıq bazar dəyəri göstəricisini əldə etmiş ilk şirkət hesab edilməmişdi. Belə ki, Səudiyyə Ərəbistanın Saudi Aramco adlı neft şirkəti bu göstəriciyə Apple-dan daha tez çatmışdı. Hal hazırda Apple-dan sonra ABŞ şirkətləri arasında 2 trilyon dollardan çox bazar dəyərinə sahib yeganə şirkət Microsoft-dur. Dünyanın 3 trilyon dollar bazar dəyərinə sahib ilk və hələ yeganə şirkəti isə Apple olaraq qalır.